Qəhrəmanlarımızın nümunəvi həyat yolu gələcək nəsillərə işıq tutacaq

Azərbaycan xalqı tarix boyu igid övladlarının şücaəti, vətən sevgisi və fədakarlığı ilə tanınıb. Hər bir dövrün mübarizəsində Vətənin bütövlüyü və azadlığı uğrunda canını fəda etməyə hazır qəhrəman oğul və qızlarımız dayanıb. Bu müqəddəs dəyərlərin gələcək nəsillərə ötürülməsi isə həm dövlətimizin, həm də ictimai təşkilatların qarşısında duran ən şərəfli vəzifələrdən biridir. Bu missiyanı özündə əks etdirən əhəmiyyətli layihələrdən biri də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi (ARMQTİB) tərəfindən həyata keçirilir. Bu haqda ARMQTİB-nın Mətbuat xidmətindən saytımıza məlumat verilib: “Layihənin adı “Azərbaycanın Milli Qəhrəmanlarının, Vətən Müharibəsi Qəhrəmanlarının nümunəvi həyat hekayələri”dir. Bu təşəbbüs gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə, qəhrəmanlıq ənənələrinin yaşadılmasına xidmət edir.

 Layihə çərçivəsində 200x300 ölçüdə 45 ədəd foto-plakat hazırlanaraq xüsusi banerlər üzərində çap olunub. Artıq Bakı şəhərinin Xəzər rayonunun 15 təhsil müəssisəsində, həmçinin Kürdəmir rayonunun 15 məktəbində Milli Qəhrəmanlar guşələrinin yaradılmasına başlanılıb. Bu guşələr məktəblilər üçün hər gün qarşısında gördüyü bir dəyər simvolu, qəhrəmanlıq məktəbi və vətən sevgisinin canlı lövhəsi olacaq. Burada şagirdlər qəhrəmanlarımızın həyat yolunu, döyüş şücaətlərini və fədakarlıqlarını öyrənməklə özlərinə nümunə götürəcəklər.

 Qəhrəmanlarımız yalnız keçmişin deyil, həm də gələcəyin yolunu işıqlandıran mayaklardır. Onların şərəfli həyat hekayələrinin məktəblilər tərəfindən öyrənilməsi milli kimliyin, vətən sevgisinin və birliyimizin möhkəmlənməsinə xidmət edir”.

Bildirilib ki, həmçinin, layihə çərçivəsində “Şəhid Vətən Müharibəsi Qəhrəmanları” adlı kitab da hazırlanıb: “Hazırda “İNDİQO” mətbəəsində çap prosesi davam edən kitab yaxın günlərdə oxuculara təqdim olunacaq. Kitabda qəhrəmanlarımızın həyat yolu, mübarizə mərhələləri və vətən uğrunda göstərdikləri igidliklər toplanıb. Təqdimat mərasimi zamanı bu müqəddəs kitabın oxuculara çatdırılması isə şəhidlərimizin əziz xatirəsinə ehtiramın bariz ifadəsi olacaq.

 Bu layihə sadəcə maarifləndirici təşəbbüs deyil, həm də gənclərə milli kimlik, vətən sevgisi və qəhrəmanlıq duyğularını aşılayan mənəvi bir körpüdür. Məktəblərdə yaradılan guşələr, oxucuların əlinə çatacaq kitablar bir daha sübut edir ki, Azərbaycan xalqı qəhrəman övladlarını heç vaxt unutmayacaq, onların adını daim yaşadacaq.

Qəhrəmanlarımızın əbədi xatirəsi xalqımızın yaddaşında yaşadıqca, Azərbaycan daha da qüdrətli olacaq, milli birliyimiz isə daha da möhkəmlənəcəkdir”.