Qələbənin Xudafərin adı

Təməlləri mübarizə üçün atılmış, iki ölkəni birləşdirən və ən əsası Araz çayının üzərində 1027-ci ildə inşa edilən Xudafərin körpüsü. Tarixi İpək yolunun üzərində yerləşən Xudafərin körpüsü iqtisadi, hərbi məsələlərin həllində mühüm rol oynamaqla yanaşı qədim memarlıq abidəsidir. Cəbrayıl rayonu ərazisində olan körpü digər ərazilərimiz kimi işğal altında olduğu üçün biz azərbaycanlılar bu körpü barəsində bədii ədəbiyyatlardan, filmlərdən məlumat ala bilirdik. Şəxsən bir jurnalist kimi adı dilimizdə, əhəmiyyəti böyük, və tarixi zəngin olan Xudafərin körpüsünü canlı görmək hissi ilə yaşayır hətta bu körpünü görmək üçün ömrümdən bir neçə ilimi qurban verməyə hazır idim. Axır ki arzum reallaşdı. Ömür məsələsinə gəlincə bu Allahın əlindədir. Alsa da qəm yeməm. Çünki, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkənin vətəndaş cəmiyyəti üzvlərinin Xudafərin körpüsünə təşkil etdiyi səfərdə 150 nəfər arasında mən də var idim və o körpünün əsrarəngiz gözəliyyini görməklə yanaşı təməlinə toxunmaq imkanım oldu.

Niyə məhz QHT nümayəndələri?

Müharibədən qalib çıxan xalq kimi qürurluyuq. Bu səfər zamanı özünü daha qabarıq göstərirdi. Hamının üzündə sevinc, hamının içində həyəcan var idi. Açığını deyim ki, hazırkı pandemiya və digər şərtləri nəzərə alsaq bu qədər insanın uzun səfərə çıxması, səfərin uğurlu təşkli böyük məsuliyyət təşkil edir ki, Prezident Administrasiyasının məsul şəxsləri, eləcədə Agentliyin gənc və çalışqan əməkdaşları işlərinin öhdəsindən layincə gəlirdi. İstər qarşılama, istər yol boyu məlumatlandırma, istərsə də sağ-salamat geri dönüş... Əsası da odur ki. bu səfərlərdən heç kim narazı qalmır. Ən azından bu ypndə nəsə olsa sosial şəbəkələrdə bir məlumat olar.

Bəli. Bu gün çox sual olunur ki, niyə məhz QHT nmayəndələri bu kimi səfərlərə aparılır. Bir neçə nüası qeyd etmək istərdim ki, ilk öncə QHT hüquqi şəxsdir və hüquqi şəxsin istər yerli istərsə də xaricdə təbliğat aparmaq üçün geniş imkanları var. Bəli Azərbaycanda elə QHT-lər var ki, onlar erməni terroru, vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara hesabatlar göndərib. Bu yöndə fəaliyyətləri bu gün də davam edir. Eyni zamanda QHT təmsilçiləri arasında jurnalist, və digər kateqoriyadan olan insanlar da var ki, bu insanlar təbliğat məsələlərində xüsusi yer tuturlar.  Bir çoxları facebook sosial şəbəkəsinin onlara tanıdığı imkanlardan istifadə edib görülən işlərə müəyyən kölgə salmağı özünə peşə seçib. Ancaq inanın dostlar bu kimi yollar heç kimə bir uğur gətirmir. Və gətirməyəcək...

Qapısı qıfıllı taleyi qaranlıq körpü....

Taleyi qaranlıq ona görə ki, Xudafərin körpüsü ilə bağlı tarixi mənbələrdə bir sıra qaranlıq məqamların olmasına görədir. Belə ki, bu günümüzə qədər Xudafərin körpüsnün kim tərəfindən inşa olunması dəqiq məlum deyil (İstinad vikipedia). Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub.

Xüdafərin körpüsünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558–529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha Mərhəba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib.

Hazırda qəbul edilən tarixə görə, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən inşa olunub. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən birincisi "Baş Xudafərin körpüsü" adlanır. Onun uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.

Xudafərinin əhəmiyyəti

Azərbaycanın hər qarış torpağı kimi Cəbrayıl rayonu, o cümlədən bu rayonda yerləşən Xudafərin körpüsü də bizim üçün əziz və əhəmiyyətlidir. Xudafərin körpüsünün azad olunması İranla olan 130 kilometrlik dövlət sərhəddinin bərpası demək idi. Beləliklə, Xudafərin körpüsünün işğaldan azad olunması ilə Azərbaycanın qonşuları ilə sərhədlərinin bərpasında əhəmiyyətli rola malik olduğunu qeyd etmək olar. Xudafərin körpüsünün azad olunmasının iqtisadi əhəmiyyəti çox böyükdür. Burada Xudafərin su anbarının və Araz çayı üzərində tikilən su elektrik stansiyasının verəcəyi töhfələrini xüsusilə qeyd olunmalıdır. Xudafərin su anbarı kənd təsərüfatının inkişafında melorasiya işlərinin həyata keçirilməsi üçün müstəsna əhəmiyyəti olacaqdır.

Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin sədri

Ədil Ədilzadə

Bakı - Cəbrayıl, Xudafərin Körpüsü - Bakı