"Qərbdən fərqli olaraq Rusiya üçün Paşinyanı devirmək çox sadə bir əməliyyatdır..."

Gündəmin bir sıra aktual mövzuları ətrafında millət vəkili Cavanşir Feyziyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

 

- Xankəndi-Laçın yolundakı aksiyanın aprelin 1-də dayandırılacağı və yolda Rusiya ilə Azərbaycanın birgə nəzarət buraxılış məntəqəsi yaradılacağı deyilir. Sahibə Qafarovanın Volodinlə görüşündə Rusiya Dövlət Duması sədrinin İrəvana yönəlik sərt açıqlaması Ermənistanda qəzəblə qarşılanıb. Ermənilər aprelədək hər hansı təxribat törədərək bu prosesi ləngidə bilərlərmı?

 

-​ Laçın - Xankəndi yolundakı aksiya vətəndaş cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni icmasına ünvanlanan tələblərlə bağlıdır. Erməni icması bu tələblərə məhəl qoymadığı halda Azərbaycan hökümətinin orada aparılan qeyri-qanuni fəaliyyətlərə qarşı ata biləcəyi addımlar çoxdur. Məsələn, hökümətin müvafiq qurumları həmin ərazidə qanunlara riayət olunması üçün məcbur etmə əməliyyatları keçirə  bilər. Nəzərə alsaq ki, həmin ərazidə qeyri-qanuni hərbiləşdirilmiş dəstələr var, hüquq-mühafizə orqanları anti-terror əməliyyatı da keçirə bilərlər. Lakin düşünmürəm ki, mövcud vəziyyəti dəyişmək üçün hökümət məhz belə sərt addımlardan başlayacaq. Hər halda dövlətimiz çalışacaq ki, problem mümkün qədər yumşaq güc vasitəsilə həll olunsun. Odur ki, indiki vəziyyətdə əraziyə nəzarət edən Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə birlikdə hərəkət etmək daha məqsədəuyğun görünür. Belə tədbirlərdən biri də məhz sizin qeyd etdiyiniz kimi, Ermənistan-Azərbaycan sərhədində birgə buraxılış -nəzarət və gömrük məntəqəsinin açılması ola bilər. Əgər Ermənistan və Qarabağda yaşayan erməni icması onların istifadəsi üçün ayrılmış Laçın-Xankəndi yolundan qanuni şəkildə istifadə edirlərsə, bu onları da heç narahat etməməlidir. Əksinə, belə bir məntəqənin açılması bütün tərəflər arasında, yəni Ermənistan, Azərbaycan və Rusiya Sülhməramlıları arasında etimadı daha da gücləndirərdi.  

 

- Paşinyanın Qərbə yönəlik təşəbbüsləri nə dərəcədə səmimidir və doğrudanmı Ermənistan Moskvadan üz döndərərək Avropalaşmaq istəyir? Paşinyanı devirmək və ya idarə etmək üçün Qərbin, yoxsa Rusiyanın əlində güclü təsir alətləri var?

 

- ​Paşinyanın Qərbə yönəlik təşəbbüsləri yeni deyil. Hələ müxalifətdə olarkən Paşinyan Ermənistanın Qərblə yaxınlaşması zərurətindən çıxış edirdi. O vaxtkı iqtidarı Rusiyaya xidmət etməkdə günahlandırırdı. Lakin bu gün Ermənistanın avropalaşmaq istəyi reallıq yox, gerçəklikdən uzaq bir arzu ola bilər. Beynəlxalq siyasətdə bu cür geo-siyasi reveransların birdən birə baş verməsi mümkün deyil. Bunun üçün müəyyən ilkin şərtlərin mövcudluğu lazımdır. Tarixi təcrübə onu göstərir ki, müstəqillik bir anda və ya bir addım atmaqla əldə olunmur. Müstəqillik uzunmüddətli sistemli hazırlıq işlərinin, siyasi mübarizənin və ciddi iqtisadi bazis hazırlığının nəticəsində çox az hallarda dinc yollarla, daha çox halda isə müharibə, inqilab və s. kimi qeyri-dinc yollarla əldə edilir. Ermənistan hazırda belə bir dönüş etməyə hazır deyil. 1991-ci ildən bu yana Ermənistan siyasəti müstəsna olaraq bölgədə Rusiyanın maraqlarına xidmət etmək olub. Müstəqil siyasət yürütmək və müstəqil dövlət quruculuğu istiqamətində bir addım belə atılmayıb. Ermənistan ərazisindəki ən mühüm iqtisadi infrastruktur qurumları – enerji təminatı, yollar, iri həcmli sənaye müəssisələri, dəmir yolları, mobil rabitə provayderləri və s. Rusiyanın mülkiyyətindədir. Üstəlik, Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşir və Ermənistan sərhədləri də Rusiya tərəfindən mühafizə olunur. Belə bir şəraitdə müstəqil siyasət yürütmək və ya Rusiyanın maraqlarına zidd olan qurumlara Ermənistanın inteqrasiya etməsi reallıqdan çox uzaq bir məsələdir. Bütün bu deyilənlərdən sonra düşünürəm ki, sualınızın ikinci hissəsinin də cavabı öz-özlüyündə ortaya çıxır. Ermənistanda möhkəm siyasi, hərbi, iqtisadi və hətta sosial dayaqlara malik olan Rusiya üçün Paşinyanı devirmək çox sadə bir əməliyyatdır. Əlbəttə Rusiya özünün bu günkü durumunda hələlik belə bir addım atmayacaq. Amma o buna hamıdan çox qadirdir. O ki, qaldı Qərbin təsir gücünə, Ermənistana münasibətdə Qərbin təsir gücü çox zəifdir və yalançı şüarlardan uzağa getmir. Cənubi Qafqaz bölgəsi Qərb üçün kifayət qədər mürəkkəb, qaranlıq və anlaşılmaz bir bölgədir və ona görə də hazırda Qərb bu bölgədə təsirli siyasət yürütmək imkanına malik deyil.

 

- Tehrandakı səfiriliyimizə hücumdan bir aya yaxın vaxt keçir. Amma fars rejimi Azərbaycanın çağırışlarına, tələblərinə məhəl qoyana oxşamır. Bu saymazyana davranışa görə rəsmi Bakı İranla münasibətləri tamamilə kəsə bilərmi?

 

-​ Hadisənin baş verdiyi ilk gündən rəsmi Tehranın davranışı göstərir ki, İranın hakimiyyət dairələri bu terror aktının təfərrüatlarının açılmasında maraqlı deyil. Odur ki, terrorçunun səfirliyimizə hücumu haqqında elə ilk saatlardan uydurma hekayələr danışıldı,  cinayətin motivlərinin saxtalaşdırılmasına cəhdlər edildi. Bunun üstü açıldıqda isə cinayətkarı ruhi xəstəxanaya yerləşdirdilər və bu yolla bir diplomatımızı qətlə yetirmiş və digər ikisini yaralamış terrorçuya hüquqi immunitet yaratmağa cəhdlər edilir. Bütün bunlar hakim dairələrin marağından kənarda edilə bilməzdi. Ona görə də İran hüquq-mühafizə orqanlarının bu hadisəyə baxışı bu başdan məlumdur. İranla münasibətlərin tamamilə kəsilməsi də bu məsələyə hər hansı bir yenilik gətirməyəcək. Zənnimcə, burada münasibətlərin tamamilə kəsilməsi yox, İranın ölkəmizə qarşı apardığı pozuculuq siyasətinə qarşı adekvat siyasət yürütmək daha səmərəli olar. Bu siyasət özündə İran rejiminin apardığı qeyri-qanuni daxili və xarici siyasətə qarşı etirazımızı, ölkə daxilində türk çoxluğuna qarşı aparılan diskriminasiya və assimilyasiya siyasətinə son qoyulması və soydaşlarımızın insan haqlarının tam şəkildə təmin olunması ilə bağlı tələblərimizi özündə ehtiva etməlidir. İran ərazisində fundamental insan haqları uğrunda mübarizə aparan bütün qüvvələrə, öncəliklə də soydaşlarımıza hər cür mənəvi-siyasi dəstək nümayiş etdirilməlidir. Azərbaycan ərazisində İran rejiminin maraqlarını təbliğ edən qeyri-qanuni qurumlar, dəstələr və şəxslər ifşa olunmalı və cəzalandırılmalıdır.