Qətiyyətli mövqe

Ötən ilin son günlərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması və nəticədə 38 nəfərin həyatını itirməsi, bir çox insanın yaralanması olduqca ağır hadisə idi. Bu hadisə ilə bağlı artıq mühüm addımlar atılıb. Hadisə baş verən zaman dövlət başçısı İlham Əliyev MDB Zirvə görüşünü təxirə salaraq vətənə dönərək operativ müşavirə keçirdi və hadisənin dəqiq araşdırılması üçün Dövlət Komissiyası yaradıldı. Aradan keçən müddətdə bəlli oldu ki, təyyarəyə kənar müdaxilələr olub. Dövlət başçısı məsələ ilə bağlı AZTV-yə müsahibəsində də bu və ya digər faktlara aydınlıq gərtirib.

Dövlət başçısı AzTV-yə müsahibəsində bildirib ki, Rusiya Azərbaycandan üzr istəsə də, rəsmi Bakının digər iki şərtini hələ də yerinə yetirməyib. Onun sözlərinə görə, Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir. Prezident deyib ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır: “Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər”.

Müsahibədə pilotların və bütün ekipajın böyük qəhrəmanlığından, Qazaxıstanın dəstəyi və həmrəyliyindən, AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırmasından danışan cənab Prezident Azərbaycanın irəli sürdüyü şərtləri əsaslandırıb və qəbul olunacağına ümidvar olduğunu bəyan edib.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı