QHT-lərinin Əməkdaşlıq Forumundan çıxan nəticələr

Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” nda müzakirə olunan mövzular özünün aktuallığı və əhəmiyyəti ilə yadda qaldı. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilən Forum QHT-lərə gələcək fəaliyyətlərində layihə, mövzu seçimində çox böyük dəstək verdi, yol göstərdi. Hər şeydən öncə, ilk dəfə azad edilmiş Zəngilanda QHT-lərin forumunun keçirilməsi faktıın özü yüksək qiymətləndirilməlidir. 

"Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər", “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzuları təkcə orada iştirak edən 200-ə yaxın ictimai birlik üçün deyil, bütovlükdə Azərbaycanın vətəndaş cəmiyyəti üçün qiymətli bilik və məlumat bazası rolunu oynayır. Forum iştirakçılarına Ermənistan respublikasının mineral xammal resursları dağ mədən sənayesi xəritəsinin təqdimatı olub. 3 dildə hazırlanan xəritədə Ermənistandan Azərbaycana axan çayların çirkləndirilməsi faktları öz əksini tapıb. 

Məlum olub ki,  Ermənistanın Naxçıvanla sərhəddə olan zavodları hava, su mənbələri və bitki örtüyü üçün ciddi təhlükə yaradır. “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” adlı panel müzakirələri də çox maraqlı və məhsular keçdi. Çıxış edənlər iqlim dəyişməsinə təsir edən amillər, ekoloji fəsadların aradan qaldırılması üçün görülən tədbirlərdən söhbət açdılar.

Forumu çərçivəsində QHT nümayəndələri Zəngilan, Qubadlı və Laçın rayonlarına səfər edərək orada aparılan bərpa-quruculuq işləri ilə tanış oldular. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjiyə xüsusi diqqət yetirilir. Həmçinin yaşayış məntəqələrində yeni nəsil texnologiyalardan istifadə, ağıllı kənd və qəsəbələrin salınması, modern üslubda evlərin tikilməsi yüksək qiymətləndirilməlidir. 

Forumun təşkili, müzakirə olunan mövzuların seçimi və digər təşkilati məsələlər göstərdi ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsi üçün kifayət qədər peşəkar, səriştəli kollektivə, komandaya sahibdir. 

Milli maraqlara söykənən mövzuların müzakirəsi ölkə rəhbərliyi tərəfindən QHT sektorunda aparılan islahatların, yaradılan sağlam mühitin nəticəsidir. Vətəndaş cəmiyyəti institutlarının son illər xaricdən ötürülən mövzular ətrafında deyil, dövlətimizin, xalqımızın maraqlarını əhatə edən məsələləri müzakirəyə çıxarması təqdiredici faktor kimi qəbul edilməlidir. QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşmaya xidmət edən bu cür forumların gələcəkdə də davam etdirilməsinə ehtiyac vardır.

Şəhid ailələrinə Maddi və mənəvi dəstək ictimai birliyinin sədri Nəzakət Həsənova