"Laçında yarımçıq qoyub gəldiyim elmi işlərim çoxdur".
“Report” xəbər verir ki, bunu Laçın sakini, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Laçınla bağlı keçirilən toplantıda deyib.
Onun sözlərinə görə, Laçın hər zaman qeyri-müəyyənliyi ilə seçilən rayon olub: "Laçın mətbəxinin də özünəməxsusluğu var. Orada 7 növ çörək bişirilirdi və bu, heç bir yerdə, demək olar, yoxdur. Laçın sakini olaraq sevincimin həddi-hüdudu yoxdur. Öz doğma yurduma qayıtmağı səbirsizliklə gözləyirəm".
Daha bir Laçın sakini, "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Polad onlara bu gözəl günü yaşatdığına görə dövlət başcısı İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Bütün xatirələrim Laçında qalmışdı və sanki bir tərəfimiz əksik idi. Artıq bütünləşdik. Dövlətdən nə ev, nə villa, nə da başqa nəsə istəyirəm. Orada balaca çadır qurub öz yurdumda qalmaq arzusundayam. Öz balaca dünyamı bundan sonra Laçında qurmağa hazıram".