Dünyanın diqqəti yenidən Bakıdadır. Paytaxtımızda Qoşulmama Hərəkatının növbəti tədbiri – Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. Bu tədbirə yalnız üzv dövlətlərin nazirləri deyil, eyni zamanda, üzv ölkələrin hökumət təmsilçiləri, beynəlxalq təşkilatlar, dünyanın müxtəlif bölgələrindən gəlmiş çoxsaylı QHT rəhbərləri, siyasi təhlilçilər və jurnalistlər qatılıb. Hərəkatın tədbirlərinə beynəlxalq marağın artması ona Azərbaycanın sədrlik etməsi ilə birbaşa bağlıdır. Qoşulmama hərəkatı öz tarixinin heç bir mərhələsində son 4 ildə olduğu qədər fəal olmamış, dünyada gedən proseslərə bu qədər geniş və qlobal təsir göstərmək imkanları qazanmamışdı. Diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, 2019-cu ildən etibarən mütəmadi olaraq hər il keçirilən toplantılarda Azərbaycan Prezidenti dünya xalqlarını narahat edən siyasi, iqtisadi, hərbi problemlərlə bağlı qlobal miqyaslı təşəbbüslər irəli sürür və bu təşəbbüslər üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənir. Azərbaycanın təşkilata sədrliyinin ilk ilində pandemiya ilə bağlı qlobal mübarizə təşəbbüsünü öz üzərinə götürən Azərbaycan Prezidenti pandemiyanın davam etdiyi bütün illərdə beynəlxalq səylərin səfərbər olunmasına nail oldu. COVID–19 pandemiyasına qarşı mübarizənin təşkili ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi, “peyvənd millətçiliyinə” qarşı çıxmaqla onların bölüşdürülməsində iqtisadi cəhətdən zəif ölkələrin maraqlarının qorunması kimi məsələlərin beynəlxalq gündəliyə çıxarılması və bu proseslərdə baş verən ayrı-seçkiliyin aradan qaldırılması məhz Azərbaycanın cəsarətli tələbi və güzəştsiz mövqeyi sayəsində öz həllini tapdı. Dövlətimiz üzv ölkələrə pandemiyaya qarşı mübarizə çərçivəsində maliyyə və texniki yardımlar göstərdi. Keçən 4 il ərzində Azərbaycan Təşkilata sədrlik edən ölkə kimi üzv dövlətlərin maraqlarını beynəlxalq səviyyədə qətiyyətlə qorudu. Prezident İlham Əliyev, həmçinin təşkilat çərçivəsində struktur islahatların həyata keçirilməsinin zəruriliyini bəyan etdi və Qoşulmama Hərəkatının Parlamentlər Assambleyasının və Gənclər Forumunun yaradılmasına nail oldu. Hazırda isə Hərəkatın Qadınlar Platformasının yaradılması üzərində təşkilati işlər aparılır. Beləliklə, son 4 il ərzində dünya xalqlarının BMT-dən gözlədiyi bütün zəruri addımları Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı atdı. Altmış il ərzində beynəlxalq arenada demək olar ki, səsi eşidilməyən bir təşkilatın gözlənilmədən dünyada gedən ən mürəkkəb proseslərə bu qədər qətiyyətli və prinsipial mövqe nümayiş etdirməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata sədrlik etdiyi dövrdə və şəxsən onun təşəbbüsü ilə baş verdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
Təşkilatın budəfəki nazirlər görüşünün də Qoşulmama Hərəkatının tarixində önəmli iz buraxdığını diqqətə çatdıran deputat deyib: “Nazirlər görüşü Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş gündəliyi və müzakirə üçün seçilmiş mövzuların aktuallığı ilə diqqət cəlb edir. “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” adı altında keçirilən nazirlər görüşündə Prezident İlham Əliyevin cəsarətli çıxışı, problemlərə qətiyyətli mövqe sərgiləməsi beynəlxalq medianın diqqət mərkəzindədir. Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasının zəruriliyi, inkişaf etməkdə olan Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə beynəlxalq səviyyədə dəstək göstərilməsi, beynəlxalq siyasətdə ikili standartlardan imtina edilməsi, neokolonializmin hər cür təzahürünün aradan qaldırılması kimi məsələlərin zərurət olduğunu bildirən Prezident İlham Əliyev üzv dövlətləri öz səylərini birləşdirməyə çağırdı. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının üzvü Fransanın misalında güc sahibi olan dövlətlərin hələ də digər xalqları öz asılılığında saxlamaq, onların təbii resurslarını talamaq və fundamental haqlarını əlindən almaq cəhdlərini qətiyyətlə pislədi. Azərbaycan Prezidenti Fransa Respublikasını vaxtilə müstəmləkə ölkələrində apardığı soyqırımı cinayətlərinə görə zərərçəkmiş xalqlardan üzr istəməyə və xalqların azadlıq və müstəqillik arzusuna qarşı hərəkətlərdən çəkinməyə çağırdı. Əvvəlki illərdə olduğu kimi, təşkilatın bu toplantısında da Azərbaycan Qoşulmama Hərəkatının qarşısında duran ən vacib məsələlərin müəyyən olunması ilə bağlı yeni bir təşəbbüs irəli sürdü. Prezident İlham Əliyev bildirdi ki, dünyanın müxtəlif bölgələrində yerləşən bir çox üzv ölkələrin əraziləri müstəmləkəçi dövlətlər tərəfindən aparılan müharibələr və münaqişələr nəticəsində minalarla həddindən artıq çirkləndirilib. Bu minaların təmizlənməsi olduqca bahalı və uzun sürən bir prosesdir. Odur ki, ərazilərin minalardan təmizlənməsi üçün təşkilat üzvlərinin öz səylərini səfərbər etməsinə ehtiyac var. Azərbaycan Prezidenti bu istiqamətdə atılacaq addımların Qoşulmama Hərəkatının 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən olunması təşəbbüsünü irəli sürdü və bu təşəbbüs üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olundu”.
Cavanşir Feyziyevin sözlərinə görə, Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən sonuncu tədbiri də bu təşkilatın tarixinə ən uğurlu addımlardan biri kimi yazıldı. Bu uğur təşkilata sədrlik edən Azərbaycan Respublikasının və onun Prezidenti İlham Əliyevin növbəti siyasi uğurudur və bu uğur təşkilatın üzvü olan 120 dövlətin hər birinə öz faydasını verəcək.