Qonşusunun ölümündə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Sabahinfo.az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, ötən il oktyabrın 31-də Nəsimi rayonu ərazisində Marina Çobanovanın müxtəlif dərəcəli bədən xəsarətləri alması, qızı Nərminə Vəliyevanın isə aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
İstintaqla Sayruz Səttarovun oktyabrın 30-da saat 23 radələrində heç bir əsaslı səbəb olmadan qonşusu M.Çobanovanın qızı N.Vəliyeva ilə birgə kirayədə yaşadığı mənzilə daxil olub. Onları biri-birilərinin gözü qarşısında döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq tədbirləri ilə həmçinin, S.Səttərovun hər iki şəxsi əvvəllər də bir neçə dəfə döyərək onlara xəsarət yetirməsi, o cümlədən onlara fiziki ağrı və psixi iztirablar verməsinə əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında S.Səttarova Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 127.2.2, 127.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma), 133.2.1, 133.2.4, 133.2.6-cı (iki və ya daha çox şəxsə qarşı, habelə köməksiz vəziyyətdə olan şəxsə işgəncə verməklə əzab vermə) maddələri ilə ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.