Qubadlıların gerçəkləşən arzusu

Vətən müharibəsində qələbəmizdən sonra Qubadlı rayonunda da planlı abadlıq-quruculuq işlərinə başlanılıb

44 günlük Vətən müharibəsi zamanı əksər Qərb dövlətləri ikili standart mövqe sərgiləyərək, işağlçı ilə işğala məruz qalanı eyniləşdirmək siyasəti yürdürdülər. Bir çox hallarda isə öz torpaqlarını işğaldan azad etmək üçün haqlı mücadilə aparan Azərbaycanı deyil, təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləyirdilər. Ermənipərəst dövlətlərinin Azərbaycana fasiləsiz basqılarına hər zamanki kimi Prezident İlham Əliyev tutarlı cavablar verirdi. Nəticədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu düşməni məğlub edib torpaqlarımızın azad olunmasına nail oldu. Vətən müharibəsində şanlı Qələbə Qubadlı sakinlərinin də torpaq həsrətinə son qoydu. Öz el-obasından köçkün düşmüş qubadlılar çətin məşəqqətlərdən keçərək fiziki və mənəvi terrora məruz qalıblar. Onlar bu müddətə bütün məhrumiyyətlərə dözərək öz ata-baba torpalqarına qayıdacaları günü inamla gözləyirdilər. Artıq 25 oktyabr Qubadlı şəhərinin işğaldan azad olunması günü kimi qeyd edilir. Xatırladaq ki, Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılıb və yararsız vəziyyətə salınıb. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb. Ermənilər Qubadlı rayonu ərazisində böyük sahələri əhatə edən yanğınlar da törədərək flora və faunanı məhv ediblər.

 Vətən müharibəsində qələbəmizdən sonra Qubadlı rayonunda da planlı abadlıq-quruculuq işlərinə başlanılıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Qubadlıya mütəmadi səfərlər edərək rayonun gələcək inkişafı ilə bağlı aparılan əməli-praktiki işlərlə tanış olur. Prezident İlham Əliyevin dediyi kimi Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Burada normal təhsil, tibb xidməti, nəqliyyat, digər kommunikasiya sahələri və təchizat işi qurulacaq. Qubadlı rayonu ərazisindəki əkinə yararlı və heyvandarlıq fəaliyyəti üçün əlverişli olan torpaqlar əhalinin istifadəsinə veriləcək.

Azad edilmiş torpaqlarda cənab Prezidentin təməlini qoyduğu yeddi yarımstansiya inşa olunub. “Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər”,-deyə cənab Prezident Qubadlıda olarkən bildirib.

Gələn ay Prezident İlham Əliyevin komandanlığı altında 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı torpaqlarımızın azad olunması uğrunda başlanan və Müzəffər Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ikinci ildönümü tamam olacaq. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında erməni vandallarının işğalından azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin sürətli bərpası məqsədilə yolların çəkilməsi, tunellərin, körpülərin, aeroportların  və yaşayış məntəqələrinin tikintilərinə başlanması digər rayonların əhalisi kimi, qubadlıların da yaxın zamanlarda öz ata-baba yurdlarına qayıdacaqları günü daha da yaxınlaşdırır. Qubadlı əhalisinin öz ata-baba yurdlarına qayıdıb, ömürlərinin qalan hissəsini Qubadlıda yaşamaq və işləmək arzusu gerçəkləşmək üzrədir.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nın Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu