Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi

"Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır”. Bu tarixi faktları Milli Məclisin deputatı Aqil Məmmədov Qubadlı şəhərinin 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olunmasının ikinci ilinin tamam olması ilə əlaqədar fikirlərini bölüşərkən sadalamışdır.

Millət vəkili 25 oktyabr tarixinin 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olduğunu demişdir: “Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir”.
Aqil Məmmədov Qubadlının yeni inkişaf dövründən də danışıb: “Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Çəkilməkdə olan dördzolaqlı yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır”.
Parlament üzvü Prezident İlham Əliyevin azad olunmuş Qubadlıya səfərlərinin də əhəmiyyətini vurğulayıb:  “23 dekabr 2020-ci il tarixdə Qubadlıda Azərbaycan bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev 25 noyabr 2021-ci il tarxdə növbəti səfərində Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Dövlətimizin başçısının həmin görüşdə dediyi təbrik sözləri qubadlıların qəlbini fəxarət hissi ilə doldurmuşdur: “İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi. Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik”.

Bəradər
"Atributinfo.az"