Qüdrət Həsənquliyev yenidən sədr seçilib

BAXCP qurultay keçirdi. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) VI Qurultayı keçirilib. Dövlət himninin səsləndirilməsindən, sayğı duruşundan və Qurultayın keçirilməsi ilə bağlı müvafiq prosedur qaydalarının həyata keçirilməsindən sonra, gündəlikdə duran məsələlər müzakirə edilib, BAXCP-nın sədri Qüdrət Həsənquliyev, Ali Məclisin sədri Vaqif Abışov, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Mahir Zeynalovun hesabatları dinlənilib və qənaətbəxş hesab olunub.
Daha sonra təşkilat məsələlərinin müzakirəsinə başlanılıb. Qurultay nümayəndələri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüblər. Təklif səsə qoyulub və Qüdrət Həsənquliyev yekdilliklə növbəti dəfə BAXCP-nın sədri seçilib.
Qurultayda müzakirə olunan növbəti məsələ Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) say tərkibinin müəyyənləşməsi və üzvlərinin seçilməsi ilə bağlı olub. Səsvermə ilə BAXCP MNTK-nın 9 nəfərdən ibarət say tərkibi üzvləri müəyyənləşib.
Daha sonra Qurultay Ali Məclis üzvlərinin tərkibinin təsdiqi və BAXCP-nın VI Qurultayının yekun qətnaməsinin qəbul olunmasıyla bağlı müvafiq qərarlar qəbul edib. Beləliklə, BAXCP-nin VI Qurultayı öz işini başa çatdırıb.
BAXCP-nin VI Qurultayı öz işini başa çatdırdıqdan sonra partiyanın Ali Məclisinin yeni tərkibdə ilk sessiyası keçirilib. Öncə qəbul edilmiş gündəliyə və partiyanın Nizamnaməsinə uyğun olaraq, BAXCP sədrinin təqdimatı əsasında Ali Məclis üzvlərinin 1/3-nin sayı qədər yeni Ali Məclis üzvləri seçilib. Daha sonra Ali Məclisin sədri və onun müavinlərinin seçkisi baş tutub. Vaqif Abışov BAXCP Ali Məclisinin sədri, Faiq ismayılov və Bəhruz Cabbarlı isə Ali Məclis sədrinin müavinləri seçiliblər.
Ali Məclis BAXCP sədrinin təqdimatı əsasında baş katibin və müvafiq sahələr üzrə müavinlərin (katiblərin) təsdiq olunmaları barədə də qərar qəbul edib. Ali Məclisin qərarı ilə Yaşar Kələntərli BAXCP-nin baş katibi, Elçin Mirzəbəyli ictimai-siyasi əlaqələr üzrə müavin (katib), Niyaməddin Orduxanlı təşkilati işlər üzrə müavin (katib), Əli Həziquliyev isə Dünya Azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə müavin (katib) vəzifəsinə təsdiq ediliblər.
Ali Məclisin qərarı ilə BAXCP İdarə Heyətinin üzvləri də müvafiq qaydada təsdiq olunublar.