Azərbayca yeni inkişaf mərhələsinin spesifikliyini inamla nümayiş etdirir. Bu əsərin müəllifi isə Cənab Prezident İlham Əliyevdir. Cənab prezidentin fəaliyyəti Azərbaycanı daha da inkişaf etdirmək, vətəndaşların firavan və sosial durumunun yaxşı olmasına hesablanıb.
İndi qarşıda duran məqsədlərin yeni dövrün çağırışlarına adekvat olması ilə şərtlənir. Bu reallıqda milli prioritetlərin dəqiq müəyyənləşdirilməsi, eyni zamanda ölkənin mövcud potensialının milli ideya səviyyəli məqsədlərin realizəsi məqsədilə səfərbər edilməsi zərurəti onunla şərtlənir ki, xalqımız artıq ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olub.
Həyatı birbaşa xalqının taleyi ilə bağlı olan Prezidentin keçdiyi yolun hamısı təbii ki, bir qəzet yazısına sığmaz. Amma dövlətçilik tarixində dərin iz buraxmış fəaliyyətini, Azərbaycanın inkişafı üçün atdığı uğurlu addımların bəzilərini gözdən keçirmək İlham Əliyevin doğum günü ərəfəsində vacibdir. 20 il öncəyə dönüb baxanda o dövrdə baş verən ictimai-siyasi hadisələr fonunda istər Azərbaycanda, istərsə də regionda anlaşılmazlığın, problemlərin, mürəkkəb situasiyaların olduğunu görürük. O zaman Prezidentin 42 yaşı var idi. Gənc prezident 10-12 illik Qarabağ düyününü aça biləcəkmi? Gənc Azərbaycan dövlətini idarə etməkdə çətinlik çəkəcəkmi? İlham Əliyevə inanan, etibar edənlər bilirdilər ki, Heydər Əliyev kimi nəhəng siyasətçidən dərs alan, idarəçiliyi öyrənən İlham Əliyev bu ağır vəzifələrin öhdəsindən gələcək. Azərbaycanın bu günündən və gələcəyindən, eləcə də Prezidentdən bədgüman olanlar isə 20 ildir hələ də öz qaranlıqlarında çabalayırlar. İlham Əliyev həmin bədgümanların arzularını gözündə qoydu, qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək bacarığı ilə əsl siyasi lider olduğunu sübut etdi.
İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hakimiyyətə gəldiyi ilk gündən bu amala xidmət edən Prezident ilk dəfə seçiləndə ölkədə 600 min yeni iş yerinin yaradılacağını vəd etmişdi. O zamanlar bu rəqəm bəlkə də xəyal kimi görünə bilirdi, amma illər keçdikcə xəyal hesab edilənlər reallığa çevrildi. Bu gün Azərbaycanın hər sahəsində sürətli inkişaf əldə olunub, insanların rifah halı yaxşılaşıb. 2003-cü ildə 383,1 manat təşkil edən orta aylıq əməkhaqqı hazırda 900 manat səviyyəsində qərarlaşıb. Bu illər ərzində 2 milyondan artıq iş yeri açılıb. Yoxsulluq həddi 49 faizdən 5 faizə qədər azalıb. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 5250, bu il isə 750 mənzil və fərdi ev təqdim olunub. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb. 2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76 faizi regionlarda istehsal edilir. Azərbaycan artıq elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94 faizi ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9 faizdən 73 faizə çatıb. Ötən 20 ildə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın Hava Limanının tikintisi isə davam edir.
Arzu Həziyeva