Qüdrətli Lider

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ötən illər ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf edib, əhalinin rifahı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Məhz dövlət başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib. Ölkəmizdə sabitliyin təminatçısı xalq-iqtidar birliyi, liderin xalqın maraqlarına, rifahına və mənafeyinə əsaslanan siyasəti, xalqın isə öz liderinə qətiyyətli inamıdır.

Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini təmin edən mühüm faktorlardan biri inkişafın milli modelinin - yeni iqtisadi modelin yaradılmasıdır. Son 20 ilin göstəriciləri makroiqtisadi sabitliyə nail olan Azərbaycanın innovativ əsaslı güclü iqtisadiyyat quruculuğu ilə bağlı qarşıya qoyulan əsas hədəfləri uğurla reallaşdırdığını təsdiqləyir. Mərkəzində Azərbaycan vətəndaşının rifah və mənafeyinin dayandığı nümunəvi sosial siyasətin həyata keçirilməsi - vətəndaş məmnunluğunun artırılması, regionların sosial-iqtisadi inkişaf konsepsiyasının uğurla reallaşdırılması və digər mühüm faktorlar ölkənin etibarlı və dayanıqlı yüksəlişinə əlavə təkan verib.

Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional siyasi davranış modeli, analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim edib. Son dörd il ərzində siyasi partiyalar tərəfindən imzalanmış 9 birgə bəyanat və 3 müraciət uğurlu siyasi dialoqun və xalq-dövlət birliyinin təzahürüdür. Siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətləri imzalaması həmrəylik mühitinin inkişafı ilə yanaşı, dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi təcrübədir. Partiyaların həmrəyliyi ölkəmizdə mövcud siyasi potensialın yalnız dövlətin inkişafına və milli maraqlara xidmət etdiyini göstərir. Siyasi dialoqu və əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev qeyd edib: "Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var".

Dövlət başçısının yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edib. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınıb. Azərbaycanın təşəbbüsləri sayəsində multikulturalizm və mədəniyyətlərarası dialoq kimi məfhumların aktuallığı beynəlxalq münasibətlər sistemində qorunub. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilib.

Digər məqam isə Prezident İlham Əliyevin beynəlxalq müstəvidə islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri "idarə olunan xaos" planını məharətlə pozmasıdır. Bununla da, dövlət başçısı xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman Şərqində uğurla həyata keçirdikləri "lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə" siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.

Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. Bu, Zəfər salnaməsi - Qələbə dastanıdır, həmçinin Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyin, xalq-lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbənin qazanılmasında həlledici amil olub. Dünyanın hərb və siyasət tarixində xüsusi yer tutan, xalqımızın şanlı qəhrəmanlıq dastanı və Zəfər simvoluna çevrilən 44 günlük Vətən müharibəsi, Qarabağda erməni separatizminin kökünün kəsilməsi təkcə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərpasına deyil, eyni zamanda həm Cənubi Qafqaz regionunda, həm də Avrasiyada yeni geostrateji reallıqların yaranmasına səbəb olub. Ölkəmiz tərəfindən irəli sürülən təşəbbüslər regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfə olmaqla yanaşı, Azərbaycanın qlobal arenada mövqeyinin daha da möhkəmlənməsini təmin edir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpası regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir.

Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərdə Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış məcburi köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident 60 illiyini də Qarabağda - Şuşada keçirib. Ötənilki ad günündə isə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Bu amil dövlət başçısının daim xalqın yanında olduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez işğaldan azad olunmuş torpaqlara səfər edir. Tarixi Zəfər nəticəsində əldə olunmuş yeni reallıq təkcə işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə məhdudlaşmır. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişib və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Hazırda işğaldan azad edilmiş ərazilərdə möhtəşəm quruculuq işləri həyata keçirilir. Bu işlər Prezidentin şəxsi nəzarətindədir. Üç il ərzində həmin ərazilərdə dövlət başçısı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə çoxsaylı təməllər atıb və açılışlar edib. Artıq Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdış başlayıb. Bütün bunlar qürurvericidir. Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz bundan sonra da möhtəşəm nailiyyətlərə imza atacaq.

Pərvin KƏRİMZADƏ,

Milli Məclisin deputatı