Qürurdoğuran uğurlarımızın müəllifi

Respublikamızın tarixində mühüm siyasi hadisə olan 2003-cü ilin prezident seçkilərindən 20 il ötür. Məhz həmin seçkilərdə xalqımız ilk dəfə cənab İlham Əliyevə etimad göstərməklə özünün etibarlı gələcəyinə, inkişafa və güclü dövlətçiliyə səs verdi. 2003-cü ilin seçkiləri həm də Heydər Əliyev ideyalarının təntənəsinə çevrildi və belə bir həqiqətin təsdiqi oldu ki, xalqımız Ulu Öndərin müəyyən etdiyi siyasi kursun alternativi yoxdur.

Cənab İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü. Amma İlham Əliyev yalnız YAP-ın deyil, bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının namizədi idi. Bu baxımdan 2003-cü ilin prezident seçkilərinin nəticəsi xalqımızın siyasi iradəsinin ifadəsinə çevrildi. Ötən 20 ilin mənzərəsi də göstərir ki, xalqımız ilk dəfə 2003-cü ilin seçkilərində cənab İlham Əliyev etimad göstərməklə özünün müdrik və tarixi seçimini edib.

2003-cü il seçkilərindəki qələbədən sonra keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev demişdi: «Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm».

Ötən 20 ilin ən böyük həqiqəti məhz cənab İlham Əliyevin 20 il əvvəl dediyi bu sözlərin real həyatda təntənəsidir. Bu 20 ildə respublikamızda cəmiyyət həyatının bütün sahələrində nə qədər böyük dəyişikliklər baş verib, Azərbaycan sürətlə inkişaf edən müasir dövlətə, regionda və dünyada söz sahibinə çevrilib. Ulu Öndərin müəllifi olduğu enerji siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin liderliyi və qətiyyətli siyasiəti ilə bu illər ərzində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, «Cənub Qaz Dəhlizi» kimi strateji layihələrin rellaşdırılması Azərbaycanın inkişafına təkan verməklə yanaşı, ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər möhtəşəm nəqliyyat infrastrukturlarının yaradılması nəticəsind cənab İlham Əliyev Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində aparıcı mövqeyə malik olmasını təmin edib.

Ötən 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks iqtisadi siyasətin nəticəsi kimi bütün sosial-iqtisadi çağırışlar uğurla reallaşıb, iqtisadiyyatımız, hər bir regionumuz tərəqqi yoluna çıxarılıb, xüsusən bölgələrin iqtisadi potensialının hərəkətə gətirilməsi təmin olunub, şəhər və rayonlarımızın siması dəyişib, modernləşib. O cümlədən respublikamızda işsizliyin və yoxsulluğun səviyyəsi minimal həddə endirilib. Dövlətimizin başçısının neft kapitalının insan kapitalına çevrilməsi təşəbbüsləri də bu gün öz bəhrəsini verməkdədir.

Bütün bunlar isə Prezident İlham Əliyevin andiçmə mərasimində dediyi kimi Heydər Əliyev siyasətinin davamı, Ulu Öndərin ideyalarının həyata vəsiqə almasıdır. Bütövlükdə, 20 ilin hər bir mərhələsi Azərbaycanı inkişafdan inkişafa, uğurdan uğura aparıb. Ölkəmiz yüksələrək öz tarixinin ən qüdrətli mərhələsinə qədəm qoyub. Elə buna görə də 2008, 2013 və 2018-ci ilin prezident seçkilərində də xalqımız cənab İlham Əliyevin ətrafında səfərbər olub, öz rəhbərinə hər zaman etimad göstərib, eyni zamanda parlament və bələdiyyə seçkilərində də İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verib.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin ən böyük uğur göstəricisi isə əlbəttə ki, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası və Qarabağda suverenliyimizin təmin edilməsidir. Dövlətimizin başçısının 2003-cü ildə andiçmə mərasimindəki çıxışı ilə bir daha tanış olduqca görürük ki, cənab İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk günündən torpaqlarımızın işğaldan azad edilməsini öz fəaliyyətinin prioritet istiqaməti kimi müəyyənləşdirib. Həmin andiçmə mərasimində “Bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir” deyən Prezident İlham Əliyev Vətən müharibəsinə qədər bu yolda lazım olan bütün addımları atıb, qətiyyətli və müdrik siyasət yürüdüb, modern ordu quruculuğu həyata keçirib. Təsadüfi deyil ki, 44 gün davam edən Vətən müharibəsi tariximizə Prezident İlham Əliyevin sərkərdə qətiyyətinin, yüksək liderlik keyfiyyətlərinin, ordumuzun əzmkarlığının və yüksək döyüş qabiliyyətinin nəticəsi kimi həkk olundu. Bu savaşda qazandığımız şanlı zəfər Ulu Öndər Heydər Əliyevlə başlanan və cənab İlham Əliyevlə davam edən siyasi kursun dövlətimizin və xalqımızın milli maraqlarını qətiyyətlə təmin etməsinin ən möhtəşəm təcəssümü oldu. Torpaqlarımızın azadlığını təmin etməklə cənab İlham Əliyev tariximizə qızıl hərflərlə həkk olunan milli salnamənnin müəllifinə çevrildi.

Eyni zamanda bu savaş möhtərəm Prezidentimizin həyata keçirdiyi mütərəqqi gənclər siyasətinin təntənəsinə çevrildi. Bu siyasətin nəticəsi kimi gənclərimizin vətəpərvər ruhda yetişmələri torpaqlarımızın azad edilməsində öz sözünü dedi.

Cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti secilməsinin və bu ali vəzifədə fəaliyyətinin 20-ci ilinin tamamında dövlətimiz və xalqımız ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin növbəti qürurverici təntənəsini yaşayır. Belə ki, sentyabr ayının 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağda həyata keçirdiyi və cəmi 23 saat davam edən antiterror tədbirləri ilə Azərbaycan ərazisindəki erməni separatizmi məhv edildi. Artıq Qarabağda Azərbaycan qanunlarından kənar qalan “boz zona” yoxdur Prezident İlham Əliyev qətiyyətli və güclü siyasi iradəsi ilə saxta erməni iddialarına, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması kimi riyakar plana həmişəlik son qoydu, xalqımızın milli haqqını və tarixi ədaləti təmin etdi.

Vətən müharibəsinin nəticəsi kimi regionumuzda yeni reallıqlar hakimdir. Bu reallıqların əsas göstəriciləri ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsi, qlobal mövqelərinin daha da güclənməsi, işğaldan azad edilmiş ərazilərimizin sürətlə bərpa olunması, keçmiş məcburi köçkünlərin tədricən doğma torpaqlarına qayıdışıdır. Qüdrətli dövlətçiliyimizi, etibarlı gələcəyimizi və tarixin ən güclü Azərbaycanını şərtləndirən də Prezident İlham Əliyevin yaratdığı bu tarixi reallıqlardır. 20 il əvvəl prezident seçkilərində xalqımız ilk dəfə cənab İlham Əliyevin ətrafında səfərbər olanda da məhz bu amillərə səs vermişdi.

Cəbi QULİYEV,

Milli Məclisin deputatı