Rasional siyasətin nəticəsi

“Bu gün dünyada ərzaq təhlükəsizliyindən tutmuş iqtisadi tənəzzülə qədər proseslər müşahidə edilməkdədir. Dünyada neftin qiymətinin artmasına baxmayaraq, kapital bazarları da çöküb. Eyni zamanda, siyasi gərginliklər, müharibələr, böyük bazarlara tətbiq olunan qadağalar qlobal resessiyanı labüdləşdirir. Hətta, Dünya Bankı bu il qlobal iqtisadiyyatın gələcək inkişafı ilə bağlı öz proqnozlarını yenidən nəzərdən keçirirək perspektiv inkişafı 4,1 faizdən 2,9 faizə endirib. Bu prosesin əsas göstəricilərindən biri kimi cari ilin iyun ayında ötən ilin iyun ayı ilə müqayisədə dünya bazarında buğda 30 faiz, xam palma yağı 50 faiz, kərə yağı 29 faiz, günəbaxan yağı 45 faiz, qarabaşaq isə 43 faiz bahalaşıb. Bütün bunlar bir daha dünyada maliyyə və iqtisadi vəziyyətin ağırlaşdığına işarə edir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, dünya iqtisadiyyatının gərgin vəziyyəti fonunda Azərbaycanda sosial-iqtisadi stabilliyin olması həyata keçirilən rasional siyasətin nəticəsidir: “Qlobal resessiya gözləntiləri fonunda Azərbaycanda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz artıb, qeyri-neft sənaye sahəsində 11,5 faiz artım olub,  əhalinin gəlirləri təxminən 20 faiz artıb. Eləcə də ixrac 2 dəfədən çox artıb, qeyri-neft ixracı 25 faizdən çox olub. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollara bərabər olub. O da vurğulanmalıdır ki, qeyri-neft-qaz məhsullarının ixracının 60 faizini sənaye məhsulları təşkil etdiyi halda, sənaye məhsullarının ixracı 42 faizədək artıb. Bu da sənaye potensialının artırılması ilə birbaşa bağlıdır. Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin elan etdiyi üçüncü sosial islahat paketi çərçivəsində bu il 1 milyon 200 min vətəndaşa əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edilib. Bundan başqa, minimum pensiya 20 faiz artırılaraq 240 manata, orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatıb. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırılıb”.
“Heç şübhəsiz ki, şəhid ailələri, müharibə əlilləri də diqqət mərkəzində saxlanılıb, onların sosial müdafiəsi istiqamətində əhəmiyyətli addımlar atılıb” – deyən Ramil Vəlibəyov əlavə edib ki, postmüharibə dövründə 100 min fərdə 193 min xidmət göstərilib, 94 min şəxsə 105 min sosial ödəniş təyin olunub: “Eyni zamanda, bu il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilib, əlavə olaraq 900 mənzil də veriləcək, həmçinin müharibə əlillərinə 100 avtomobil verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən qarşıdakı müddət ərzində Bakı, Sumqayıt və Abşeron ərazisində şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatı yekunlaşdırılacaq. Qeyd olunanlarla yanaşı 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunub. On bir min müharibə əlili və müharibə veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub”.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev gələn ilin dövlət büdcəsinin də əsasən sosialyönümlü olmasını prioritet hesab edir. Çünki hər zaman sözünə, vədinə sadiq olan Prezident İlham Əliyevin arzusu ölkəmizin güclənməsi, xalqımızın daha yaxşı yaşamasıdır.