"Azərbaycanda kifayət qədər iş yerləri olsa da koordinasiya məsələsində ciddi problemlər var. Aidiyyəti qurumlar öz təkliflərini versə də, bizim də bu işə töhfəmiz olmalıdır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
“Bölgələrdə iş yerlərinin açılmasına diqqət yetirməliyik. Qarabağ və Şərqi Zəngəzurda böyük əmək cəbhəsi açılır. Dövlət büdcəsindən həmin ərazilərin bərpası üçün kifayət qədər vəsait ayrılıb. Bakı və Abşeron həddən artıq yüklənib. Digər bölgələrdə də yeni iş yerlərinin açılması, sosial infrastrukturun qurulması dövlətin qarşısında duran əsas məsələdir”, - deyə komitə sədri bildirib.
M.Quliyev qeyd edib ki, əsas diqqət özəl sektora yönəlməlidir: "Əsas işəgötürən mənbə özəl sektor olmalıdır. Dövlət sektoru olduqca şişib böyüyə bilməz. Dövlət sektorunun müəyyən həddi var. Artıq o ştatlar təsdiq olunub, bundan sonra böyüdülməsinin tərəfdarı deyilik. Daha çox özəl sektor inkişaf etməlidir"