Rəsmi səfər dünyanın diqqətini özünə çəkəcəkdir

Azərbaycan Respublikası ilə İran İslam Respublikasını Araz çayı ayırır – bu iki dövlət coğrafi baxımdan bu qədər yaxındır. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunana kimi İran SSRİ ilə həmsərhəd idi, indi müstəqil Azərbaycan Respublikası ilə.

Azərbaycanla İran arasında münasibətlər qarşılıqlı mehribanlıq şəraitində davam edir. Bu mü­na­sibətlər qarşılıqlı rəsmi səfərlərlə daha da möhkəmlənir. İran İslam Respublikasının Prezi­den­ti Məsud Pezeşkianının aprelin 28-də Azərbaycana rəsmi səfəri də bu baxımdan xarakterikdir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi səfərində Azərbaycan Res­pub­li­kasının Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatında bu səfərin qarşılıqlı münasibətlərin inkişa­fın­da əhəmiyyətli rol oynayacağına əminliyini bil­di­rərək dedi: “Biz Prezident Pezeşkianı səbir­sizliklə gözləyirdik. Çox təəssüf edirik ki, bir neçə gün bundan əvvəl İranda baş vermiş faciə insan itkiləri ilə nəticələndi. Bir daha qardaş İran xalqına başsağlığı veririk. Allah həlak olanlara rəhmət eləsin, yaralananlara Allah şəfa versin. Bu faciəyə baxmayaraq, Prezident Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir. Biz bunu çox yüksək qiymətləndiririk və Allah xalqlarımızı bu bəla­lar­dan qorusun, həmişə bizim bölgəmizdə sülh olsun, əmin-amanlıq olsun və hər iki ölkə bu isti­qa­mətdə öz səylərini göstərəcək. Hər halda ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, ölkələrin daxili işlərinə qarışmama kimi prinsiplər də üstün tutuldu”.

Dövlətlərarası münasibətlər təkcə ikitərəfli münasibətlərlə tənzimlənmir. Bu münasibətlər beynəlxalq təşkilatların toplantılarında, müxtəlif tədbirlərdə müxtəlif mövzulara həsr edilən müza­ki­rələrdə də özünü büruzə verir, bu və ya digər dövlət bu və ya digər dövlətin mövqesini dəs­təkləyə də bilir, onun əleyhinə münasibət də bildirir. Azərbaycanla İranın beynəlxalq təşkilatlar çərçivə­sin­də bir-birini həmişə dəstəklədiyini diqqətə çatdıran dövlət başçımız qeyd etdi ki, “...gə­lə­cək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təş­ki­latı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndə­lə­rimiz bir-birinin yanındadır. Biz bu gün geniş gündəlik əsasında fəaliyyət göstəririk. Burada həm re­gional təhlükəsizlik məsələləri önəmli rol oynayır, eyni zamanda, çoxtərəfli əməkdaşlıq üçün gö­zəl şərait var. Təbii olaraq bizim ticarət əlaqələrimizin inkişafı ilə bağlı konkret göstərişlər ve­ril­di. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüş də çox məhsuldar olmuşdur. Yəni, mə­ra­mı­mız, məqsədimiz birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldır­maq­dır”.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianının Azərbaycana rəsmi səfəri çər­çi­vəsində müəyyən müzakirələrin aparıldığını da bildirən dövlət başçımız mətbuata bəyanatında dedi ki, “Biz bu gün təbii olaraq üçtərəfli əməkdaşlıq layihələrini geniş müzakirə etdik. Onların ara­sın­da təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə bu layihədə iştirak edən bütün ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk. İstər dəniz limanı olsun, dəmir yolu olsun, avtomobil nəqliyyatı olsun - bütün bu istiqamətlər üzrə gözlənilən böyük yük həcmlərini qəbul etmək və ötürmək üçün biz böyük sərmayə qoyuluşu layihələrinə başlamışıq. Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənə­nəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniy­yətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz böl­gə­mizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir”...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlərin güclü siyasi iradəyə əsaslandığını, mehriban qon­şu­luq, bərabərhüquqluluq, qarşılıqlı hörmət formatında davam etdiyini də bildirdi, xalqlar arasında tarixi və mədəni bağlılıqların iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaratdığını, bu gün ikitərəfli əlaqələrimizin ticarət-iqtisadi, enerji, energetika, nəqliy­yat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə də inkişaf etdiyini də dedi, onu da xatırlatdı ki, Azərbaycan ilə İran arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əmək­daş­lıq davam edir. Dövlət başçımız mətbuata bəyanatında həm də qeyd etdi ki, “Azərbaycanla İran arasında Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan-Türki­yə və 3+3 regional məşvərət mexanizmi çərçivəsində də əməkdaşlıq mövcuddur”.

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianının Azərbaycana rəsmi səfəri zama­nı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata bəyanatı ikitərəfli mü­na­sibətlərin tarixi, bu günü və gələcəyi haqqında səmimi reallıqlardır. Buna görə də dünyanın si­ya­si diqqətini özünə çəkəcəkdir...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı