Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Sabahinfo.az xəbər verir ki, Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə bu məqsədlə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi, infrastruktur layihələrinin icra olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.
Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların əksəriyyətini məcburi köçkünlər təşkil edib. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.
Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.