Rusiya Dumasının təxribatcı deputatı cəzalandırılmalıdır

Rusiya Federasiyasının MDB ölkələri istitutunun direktoru, Rusiya Fedrasiyası Dövlət Dumasının deputatı, Rusiya Fedrasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulin öz rəsmi statusuna da, təmsilçisi olduğu ölkənin yeritdiyi rəsmi siyasətinə də hörmət qoymayaraq ölkəmizə qarşı öz çirkin, təxribatçı düşüncələrini, əməllərini yenə də davam etdirməkdədir.

Konstantin Zatulinin Rusiya Federasiyası Dumasının rəsmi blankında Qarabağ separatcılarına və quldurlarına “respublika günü” münasibətilə sentyabrın 1-də “təbrik məktubu” göndərməsi bir daha təsdiqlədi ki, o, köhnə xislətindən qətiyyən əl çəkməyib, erməni iş adamlarının verdiyi hədiyyələrin və milyonlarla rüşvətin girovuna çevrilib.

Konstantin Zatulinin işğalçı və təcavüzkar dövlətin əlaltıları olan separatçıları açıq-aşkar dəstəkləməsi Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiasının sülh və danışıqlar yolu ilə həllinə qarşı yönəlmiş növbəti təxribatçılıq əməlidir. Onların başlıca məqsədi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olmaq üçün ekstremist qüvvələrin fəallaşmasına nail olub regionda hərbi-siyası vəziyyətin gərginləşməsinə təkan verməkdir.

Zatulinin Rusiya Dumasında böyük bir vəzifə tutduğunu,dövlətin ali qanunverici orqanının rəhbərliyində təmsil olunduğunu, nüfuzlu və vacib bir komitənin sədr müavini olduğunu unutması onun üçün dövlətcilik və milli maraq anlayışının olmadığını, hər şeyin əsasında külli miqdara pul dayandığını üstün tutmasını bariz şəkildə göstərir. Belələri öz şəxsiyyətlərini, şərəf və ləyaqətlərini öz şəxsi, cılız maraqlarına görə hər şeydən üstün tutan simasızlardır, onlar üçün dövlətçilik, milli maraqlar anlayışları yoxdur. Onları ancaq şəxsi mənfəət, maddi qazanc, pul düşündürür, kim çox pul versə, onların çaldıqlarına oynayırlar. Başını itirmiş bu deputat öz çirkin əməllərilə Azərbaycanla Rusiya arasında imzalanmış Müttəfiqlik Sazişinin tələblərininin yerinə yetirilməsinə ciddi ziyan vurur, Rusiyanın ən yaxın və etibarlı qonşusu olan Azərbaycanla münasibətlərinə kölgə salır. Bu isə ustalıqla hazırlanmış təxribatdan savayı bir şey deyil.

Zatulinin separatçı hərəkətləri Rusiyanın münaqişənin həlli ilə bağlı danışıqlar prosesində vasitəçilik missiyasına zərbə vurması ekstremist əqidəli deputatın təmsil olunduğu Rusiya Federasiyasının Dövlət Dumasının başbilənlərini ciddi düşündürməlidir, onunla maarifləndirici söhbətlər aparılmalı, nələrsə onun yadına salınmalıdır, bu məsələdə daha diqqətli olmalıdırlar. Onun barəsində sərt qərarlar qəbul edilməli və ciddi ölçülər götürülməlidir. Kim olduğu onun özünə başa salınmalı və layiqli tənbeh olunmalıdır. İmkan vermək olmaz ki, kimlərsə, hansısa qüvvələrsə belələrindən istifadə edib Azərbaycan-Rusiya münasibətlərini korlamağa yönəlik cəhdlər göstərsinlər.

İnanıram ki, belə də olacaq və Zatulin kimilərin təxribatçılıq əməllərinin qarşısı vaxtında alınacaq.

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı