"Son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, "müqavilə ilə xidmət" "iş" və ya “təlim” adı altında yığım kampaniyası aparırlar:
"Həmyerlilərimiz bəzən döyüş bölgələrindən müraciət yayaraq, şirnikləndirici vədlərin yalan məngəsindən çıxmaq üçün kömək istəyirlər. Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə 100-lərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə döyüşürlər. Azərbaycan dövləti xüsusilə, Suriyada İŞİD bayrağı qaldırılarkən qanunvericiliyini sərtləşdirdi, xaricdə hərbi birləşmələrə qoşulanların fəaliyyətini terrorçuluq əməli kimi ən sərt cəza ilə, o cümlədən, vətəndaşlıqdan məhrumetmə əməlitək qiymətləndirdi. Xatırladaq ki, o dövrdə DTX-nin yaydığı məlumatlarda Yaxın Şərqdə 900-dən artıq vətəndaşımızın döyüşdüyü göstərilirdi. Onda torpaqlarımız işğal altında idi və həmin oğullara əlahiddə ehtiyacımız vardı. İndi Vətən müharibəsində peşəkarlıq qazanan şəxsləri Ukrayna müharibəsinə cəlb edənlər, qardaşı-qardaşa atəşə açdıranlar, təkcə onların ailələrinə deyil, həm də dövlətimizə hərbi-siyasi zərbə vururlar. Əməliyyatlarda həyatını itirən və cənazələri ölkəmizə gətirilən şəxslərin yaxınlarının, qohumlarının “nədən ötrü?”, “kimin uğrunda?” suallarına hakimiyyət orqanlarının açıq münasibət bildirməsi - vətəndaşlarımızı cinayət yolundan daşındırardı. Təkcə Müdafiə Nazirliyinin, yaxud hüquq-mühafizə, prokurorluq orqanlarının deyil, həm də siyasi qiymətləndirmə tələb edən məsələyə geniş ictimaiyyətin, eləcə də kütləvi informasiya vasitələrinin, həmçinin tanınmış hərbçilərimizin fəal mövqe göstərməsi yüzlərlə insanı bizim olmayan müharibədən çəkindirə bilər. Bir vaxtlar Suriyaya cənnət ümidilə gedənlərin son 4 ildə iki slavyan qardaşın müharibəsində dini müqəddəslik axtarışlarına da yer yoxdur.
Ən böyük itki Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslərin aylıq muzd müqabilində döyüşlərə qatılmasıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin məqsədi həm də Vətən müharibəsində iştirak edən və qalib ordu imici qazanan oğulları qəsbkarlıq müharibəsinə qoşmaqla nüfuz itkisinə məruz qoymaqdır. Nəticə təkcə millətimizin deyil, həm də ordumuzun itkisidir. Mediada ictimailəşən ölüm faktları ilə yanaşı, itkin və əsir düşən həmvətənlərimizin bir çoxu haqqında heç bir məlumat yoxdur. Yaralanaraq, ölkəyə dönən, lakin müharibənin amansız təsirlərini beyinlərində daşıyan şəxslər - ailələri və cəmiyyət üçün ağır mənəvi-sosial qayğıdır, gələcəkdə radikal qruplara qoşulma risqidir. Terror təşkilatları ilə müxtəlif dövlətlərin nizami orduları tərkibində iştirak etmək eyni məsuliyyətli əməldir. Kampaniyanın arxasında 3-cü dövlətlərin kəşfiyyat xidmətlərinin olduğuna şübhə yoxdur. Diqqət edin, dünən bir qərbli general deyir ki, orada xərclənən hər avro Avropa əsgərlərinin cəbhəyə getməməsi deməkdir. Əgər öz vətəndaşlarınızın və övladlarınızın canı qiymətlidirsə, onda başqa xalqları nə üçün internasional savaşa qoşursunuz? Cavab sadədir - keçmiş sovet məkanında sülhü istəməyən çoxlu qüvvə var. Rusiya-Ukrayna müharibəsində həyatını itirən vətəndaşlarımız “şəhid” deyil, onları təşviq edənlər genefondumuza zərbə vururlar. Biz “şəhid” adını yalnız Vətənin müdafiəsində canını verənlər üçün deyirik. Yalnız qardaş Türkiyə uğrunda dövlətimizdən qərar gözləmədən müharibəyə qoşulmaq, Çanaqqala savaşındakı kimi müqəddəs işdir. Vətən müharibəsinin qəhrəmanları ilə yad döyüşlərdə ölənləri bir tutmaq torpaqlarımız üçün canından keçən oğulların ruhunu incitməkdir. Azərbaycan dövləti rəsmən heç bir dövlətin müharibəsində hərbi müttəfiq kimi iştirak etmir".