“Rusiyanın Azərbaycanla imzaladığı müttəfiqlik bəyannaməsi əməkdaşlıqda yeni üfüqlər açır, qarşılıqlı məsuliyyət yaradır”

“Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik haqqında bəyannamə iki ölkə arasında formalaşmış münasibətlərin möhkəmləndirilməsi və yeni müstəviyə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır. 43 maddədən ibarət bu bəyannamə Azərbaycanla Rusiya arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bu günə qədər imzalanmış bütün strateji sənədlərdə nəzərdə tutulan razılaşmaları ehtiva edir və müasir dövrün çağırışlarını özündə əks etdirən yeni maddələrin icrası nəzərdə tutulur”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, bu sənəd suverən dövlətlərin müstəqilliklərinə hörmət edilməklə əməkdaşlığın inkişafına və təhlükəsizliyin təmin olunmasına  yeni impuls verəcək: “Bəyanatın birinci maddəsində qeyd olunduğu kimi Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Bu maddə Rusiya Azərbaycan münasibətlərinin əsasını təşkil edir və Qarabağda yaşayan ermənilərin gələcəyi ilə bağlı bəzi dairələrin xam xəyallarına nöqtə qoyulması deməkdir.  Belə ki, Rusiya və Azərbaycan ölkələrin ərazi bütövlüyünə və dövlət müstəqilliyinə hörmətlə yanaşır və hər hansı bir təhdid yaranarsa, qarşlıqlı dəstəkləməyə öhdəlik götürürlər. Ümumilikdə 43 maddədən ibarət bəayantın maddələrinin 50 faizi ancaq təhlükəsizlik və hərbi əməkdaşlıq məslələrinə həsr olunub. Yəni, bu məsələlərin müttəfiqlik bəyanaməsində əks olunması Rusiyanın özü üçün də zəruridir. Çünki Rusiya nə qədər böyük ölkə olsa da, bu ölkənin müstəqilliyi üçün də kifayət qədər xarici təhdidlər mövcuddur. Bəyanatda ölkələrin bir-biri ilə hərbi sahədə əməkdaşlığının genişləndirilməsi, hərbi sənayenin inkişaf etdirilməsi və lazım gələrsə bir-birinin dəstəklənməsi məsələri də əks olunub. Bəyanatın digər bir hissəsində isə iqtisadi, mədəni, humanitar əməkdaşlığının genişləndirilməsi məqsədilə yeni tədbirlərin icrası nəzərdə tutulub. Ölkələrarası iqtisadi əməkdaşlıq öz inkişaf dövrünü yaşayır. 2021-ci ildə ölklərarası ticarət dövriyyəsi 16 faiz artıb. Bu gün Rusiyanın bir çox şirkətləri işğaldan azad edilmiş ərazilərimizin yenidənqurma və bərpası işlərində iştirak etmək istədiklərini bildirirlər. Bu baxımdan, bəyanatın müvafiq maddələri qarşılıqlı investisiyaların yatırılması və əməkdaşlıq mühitinin genişləndirilməsinə yeni imkanlar açacaq”.

A.Badamov, həmçinin vurğulayıb ki, bəyanatın vacib maddələrdən biri də bank sahəsində əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulmasıdır: "Yəni, qeyd olunur ki, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar. Bu maddə ölkələrarası maliyyə əməliyyatlarının həyata keçirilməsində milli valyutalarımızın rolunu artıracaq və milli iqtisadiyyatımızı bir növ xarici valyutaların yaratdığı təhdidlərdən qorunmasına xidmət edəcək. Azərbaycanla Rusiya arasında istifadə olunmamış iqtisadi potensial çox böyükdür. Bu potensial sənayedə, enerji sahəsinin inkişafında, atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsində, kənd təsərrüfatda, informasiya kommunikasiyaların inkişaf etdirilməsində, tranzit nəqliyyat sektorunun səmərliliyin artırılmasında, yeni investisiyaların yatırılmasında istifadə ediləcək və digər sahələrin  realizə olunmasını sürətləndirəcək. Bu potensialın realizəsini daha da dərinləşdirmək məqsədilə Azərbaycanla Rusiya Fedarasıyasının subyektləri arasında da əməkdaşlıq imkanları genişləndiriləcək. Bəyanatda nəzərdə tutulan maddələrdən biri də Rusiya-Azərbaycan parlamentlərinin arasındakı əməkdaşlığını dərinləşdirməkdir. Düşünürəm ki, bu maddə ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsində parlament diplomatiyasının rolunu artıracaq və beynəlxalq təşkilatlarda mövqelərimizin möhkəmlənməsinə öz töhfəsini verəcək. Rusiyanın Azərbaycanla imzaladığı müttəfiqlik haqqında bəyannamə çox ciddi sənəddir. Bu, həm ölkələrimiz arasında əməkdaşlıqda yeni üfüqlər açır, həm də qarşılıqlı məsuliyyət yaradır".