"Sabitlik adası"ndan önəmli mesaj

Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş suverenliyini ərazi bütövlüyü çərçivəsində tam təmin etdikdən sonra bölgədə yaranmış geopolitik durum bütövlükdə beynəlxalq münasibətlər sistemində yeni mərhələnin əsasın qoydu. Bu gün qlobal arenada iqtisadi-siyasi maraqların ön planda olduğu bir vaxtda beynəlxalq tranzit yollarının, Şərq-Qərb əlaqələrinin yeni sistemə uyğun düzənlənməsində Cənubi Qafqazın strateji mövqeyi əvəzsizdir. Bu prosesdə də şübhəsiz ki, ön sıtada duran ölkə Azərbaycandır.

Prezident İlham Əliyevin dəqiq və mükəmməl hesablanmış siyasəti nəticəsində ölkəmiz bölgə ilə bağlı bütün böyük layihələrin önündə durur. Son vaxtlarda Azərbaycanın birbaşa dəstəyi və rəhbərliyi altında keçirilən beynəlxalq səviyyəli tədbirlər də bunun göstəricisidir.

ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans da bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Konfransda Prezident İlham Əliyevin çıxışı və müzakirələr bir sıra mühüm mesajlarla yadda qaldı. Tədbirin və mövzunun aktuallığından danışan Prezident aparılan müzakirələrin regionun inkişafı və Azərbaycanın planlarının, qarşılıqlı əlaqələrin daha yaxşı nəticələrə töhfə verəcəyini qeyd etdi.

İndiki dünya düzənində təhlükəsizlik və iqtisadi potensial olmadan region ölkələrinə fayda verəcək Orta Dəhlizin yetərli səviyyədə istismar olunması qeyri- mümkündür. Prezident çıxışında bu məqamı xüsusi vurğulayaraq bildirdi ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Bu baxlmdan Azərbaycan region və bütövlükdə dünya ölkələri üçün nümunə ola bilər. Çünki əsası ümummilli lider tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi mükəmməl idarəçilik sayəsində uzun illərdir ki, Azərbaycan sabitliyin bərqərar olduğu dövlət kimi tanınır və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Azərbaycanın yürütdüyü inamlı xarici siyasət də məhz bu  sabitliyə söykənir. Ölkəmizin əldə etdiyi güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik dövlətimiz üçün bugünkü reallığı yaradır və xarici siyasət kursumuzun uğurları bu reallıqdan irəli gəlir.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən danışan Prezident İlham Əliyev  xarici siyasətimizin prioritetlərindən biri kimi  bu mötəbər qurumla yeni razılaşma üzrə məsləhətləşmələrin son mərhələsdə olduğunu qeyd etdi. Dövlət başçısı razılaşmaların hazır olduğunu, bir neçə həll olunmamış məsələnin mövcudluğunu bildirərək qarşılıqlı xoş niyyətlərin nümayişi ilə bunun həllunə nail ola və Avropa İttifaqı ilə çox mühüm sənədi imzalaya biləcəyimizi söylədi.

Prezident çıxışında, həmçinin Avropa İttifaqının və Şarl Mişelin vasitəçiliyinə toxunaraq Fransanın ant-Azərbaycan fəaliiyəti fonunda rəsmi Parisin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirakının mümkünsüzlüyünü qeyd etdi. Qərəz və kinini, ölkəmizə olan nifrətini açıq-aydın ortaya qoyan Fransa şübhəsiz ki, bu platformada yer ala bilməz. Ən azından Fransanın son vaxtlar nümayiş etdirdiyi mövqe bunun bariz nümunəsidir.

Halbuki, Fransadan fərqli olaraq keçmiş Minsk qrupunun digər üzvləri kimi  Rusiya və Amerika müharibədən sonrakı dövrdə Ermənistanın müdafiəçisi kimi tərəf ortaya qoymayıb. Yalnız Fransa beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik nümayiş etdirməklə ədalətsiz yanaşma ilə ölkəmizi hədəf götürüb.

Tədbirdə dövlətimizin başçısı ölkəmizin  İsraildə səfirlik, Fələstində təmsilçilik ofisi açılmasına aydınlıq gətirərək milli maraqlarımıza yönələn bu qərarın hər iki ölkə ilə uzunmüddətli əməkdaşlığı əks etdirdiyini diqqətə çatdırdı və bunun sülh prosesinə xidmət edəcəyinə əminliyini vurğuladı.

Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktorunun Türkiyə ilə münasibətlər  barədə sualına Prezidentin cavabı  həm də türk soyuna düşmən kəsilmiş bədxahlara ciddi mesaj oldu: “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var”!

Düşünürəm ki, burada əlavə şərhə ehtiyac yoxdur. Prezidentin konfransda çıxışı Azərbaycanın həm daxili, həm də xarici siyasətini tam şəkildə ifadə edirdi. Burada yer alan fikirlər dövlətimizin beynəlxalq arenada qüdrətli mövqeyini göstərməklə yanaşı, həm də aparılan siyasi kursun mükəmməlliyinin təsdiqi idi. Prezident İlham Əliyev verilən suallara özünəməxsus şəkildə dəqiq və məzmunlu  cavabı ilə bir daha liderlik xüsusiyyətlərini ortaya qoymuş oldu. Xalqını xoşbəxt, Azərbaycan üçün doğru olanı etmək kimi ali dəyərləri məqsədləmiş Prezident İlham Əliyev bunu üstun keyfiyyətləri və fəaliyyəti ilə sübut edir!  

Rəşad Mahmudov,

Milli Məclisin deputatı