Şabranda baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

FHN-in mətbuat xidmətinin məlumatına görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bundan əlavə, Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

09:24

Şabran rayonunda ötən gün baş verən yanğın zamanı yarım hektar meşə sahəsi yanıb.

Şabran RİH başçısının müavini İlkin Ağayev bu barədə Bizim.Media-ya danışıb.

Onun sözlərinə görə, Çuxurzəmi kəndinin dağlıq meşə massivində baş verən yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Amma hazırda ərazidə tüstülənmə ocaqları qalıb.

FHN-in yanğınsöndürmə texnikası və işçi qüvvəsi, meşə təsərrüfatı işçiləri tüstülənən yerlərin söndürülməsi işlərini həyata keçirirlər.

İlkin Ağayev Şabranda qeydə alınan yanğının yenidən baş verməsinə gəlincə isə bildirib ki, burada insan faktorunun olması istisna edilmir. Bununla bağlı araşdırma gedir.