Sahibə Qafarova Budapeşt Demoqrafik Sammitində Xocalı soyqırımından danışdı

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstanda keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sabahinfo.az verilən məlumata görə, “Ailə təhlükəsizliyin açarıdır” mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan cəmiyyəti ənənəvi və ailə dəyərlərinə söykəndiyi üçün cəmiyyətimizin inkişafında ailənin əvəzsiz rolu var.

Ölkə Konstitusiyası ailənin mahiyyətini müəyyən edir, ailəni, nikahı və uşaqları dövlətin himayəsi altına alır. 1999-cu ildə qəbul edilmiş Ailə Məcəlləsi ailə üzvlərinin hüquq və vəzifələrini müəyyən edir. Digər qanunlar, o cümlədən gender bərabərliyi, uşaq hüquqları, məişət zorakılığının qarşısının alınması haqqında qanunlar ailə münasibətlərini tənzimləyir. Qanun layihələrinin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə bu məsələlər üzrə məsul dövlət orqanı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında sıx əlaqələndirmə yolu ilə həyata keçirilir.

İşğal və müharibələrin ailələr üzərində ən çox qalıcı təsirə malik olduğunu deyən Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu mənada, erməni işğalı ailələrimizin mövcudluğuna dağıdıcı təsir göstərib. On iki mindən çox insan bu işğalın qurbanı olub. Ermənistanın 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində bütöv ailələr məhv edilib. Yüz əllidən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib, 613 mülki şəxs qətlə yetirilib. Həmçinin Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı - iki yüz otuz mindən çox ailə öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Spikerin sözlərinə görə, bu bir milyon insanın evsiz, işsiz və yaşamaq üçün bütün vasitələrdən məhrum qalması yeni müstəqil ölkə üçün kifayət qədər ağır zərbə olub. Lakin işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinin ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri görüb.

Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Milli Məclisin sədri Sahibə Qafarova bu kontekstdə tərəfdaşlarımıza və dostlarımıza, o cümlədən, Macarıstana Cənubi Qafqazda sabitləşmə və dövlətlərarası münasibətlərin qurulmasına davamlı, beynəlxalq hüquqa əsaslanan dəstəklərinə görə təşəkkürünü ifadə edib. Sahibə Qafarovanın sözlərinə görə, torpaqlarımızın azad edilməsi tarixi ədalətin təntənəsidir. Bu, həm də otuz il əvvəl uşaq ikən öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, ata-baba torpaqlarını geri qaytarmaq üçün geri qayıdan gənc nəslin mənəvi və ailə dəyərlərinin qələbəsidir.