Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin “Parlament rəhbərliyi: davamlılığın və rifahın daha effektiv təmin edilməsi üçün risklərin qarşısının alınması” mövzusuna həsr olunmuş 14-cü Sammitində “Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması” mövzusunda çıxış edib.
Sabahinfo.az xəbər verir ki, Azərbaycan parlamentinin sədri Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən parlament nümayəndə heyətlərini salamlayaraq, bu gün parlamentlərin qadın spikerlərinin qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanına malik olduqlarını deyib.
Azərbaycan parlamentinin sədri COVİD-19 pandemiyasının dünya birliyinə hər cəhətdən dağıdıcı təsir göstərdiyini, sosial ədalət, bərabər iqtisadi imkanlar və gender bərabərliyi sahəsində bəzi nöqsanları üzə çıxardığını bildirib. O, qeyd edib ki, artıq dünya birliyi post-pandemiya dövrünə qədəm qoyur və bu gün biz birgə hərəkət etməliyik. İqtisadiyyatın bərpa edilməsində bərabər hüquqlara, imkanlara və təhlükəsizliyə əsaslanan mexanizmləri gücləndirməliyik.
Spiker Sahibə Qafarova bildirib ki, parlamentlər hökumətlər və cəmiyyətlər arasında körpü olaraq bu kontekstdə önəmli rol oynayırlar. Ümumi məqsədlər naminə bu istiqamətdə xalqın seçilmiş nümayəndələrinin, hökumətin və vətəndaş cəmiyyətinin birgə səyləri mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin sədri qeyd edib ki, COVİD-19 pandemiyasının mühüm dərslərindən biri - risklərin erkən aşkarlanmasının və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyindən ibarətdir. Bu gün iqlim dəyişiklikləri artıq dövrümüzün ən kəskin çağırışlarından birinə çevrilir. Bu problemlə ciddi məşğul olmaq lazımdır. Günümüzün digər tələbi yaşıl texnologiyalardan geniş istifadə etməkdir. Biz bu istiqamətlərdə adekvat şəkildə hərəkət etməliyik. Nəzərə almaq lazımdır ki, yaşıl texnologiyaların tətbiqi ətraf mühitin qorunmasını təmin edəcək və yeni perspektivlər açacaq. Şübhəsiz ki, bütün sahələrdə davamlı inkişafa da müsbət təsir edəcək.
Sahibə Qafarova vurğulayıb ki, COVID-19 pandemiyasının ortaya çıxardığı digər mühüm bir məsələ odur ki, qlobal problemlər onların qlobal həllini tələb edir. Kollektiv səylər və birgə tədbirlər son dərəcə vacibdir.
Parlamentin spikeri bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri haqqında söhbət açıb. Diqqətə çatdırıb ki, cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər həm pandemiyanın mənfi nəticələrinin aradan qaldırılmasına, həm də pandemiyanın bitməsindən sonra qlobal bərpa məsələlərinə yönəlib. Bütün dövlətlər üçün peyvəndlərə bərabər, əlçatan, vaxtında və ümumi çıxışın təmin edilməsi, habelə BMT-nin yüksək səviyyəli qlobal bərpa panelinin yaradılması kimi təşəbbüslər - COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir. Dövlət başçımızın bu təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən də geniş şəkildə dəstəklənib.
Milli Məclisin sədri bildirib ki, Azərbaycan parlamentlərarası əməkdaşlığın qlobal miqyasda əhəmiyyətini hər zaman qəbul edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan bu təşkilatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürüb və beləliklə, 2021-ci ilin noyabrında Madriddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib.
Sahibə Qafarova qeyd edib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ümumi məqsədlərə nail olunması istiqamətində öz töhfəsini verməyə hazırdır və qlobal əhəmiyyətli məsələlərin həlli yollarının axtarışı üçün Parlamentlərarası İttifaqla, digər parlament təşkilatları ilə fəal əməkdaşlıq etmək niyyətindədir: “Mən Parlament Şəbəkəsinin sədri kimi, bu ilin iyun ayında keçirilən Bakı konfransında bu mövqeyi bildirdim”.
Spiker öz nitqində söyləyib ki, sülh və təhlükəsizlik olmadan davamlı inkişaf və rifah haqqında danışmaq mümkün deyil. O, bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin iyirmi faizi 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılıb. Bu ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəniyyət və din abidələrimiz məhv edilmişdir. Təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların 52 faizi qadınlardır.
Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdikdən sonra bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlərə başlanılıb. Azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Burada "Ağıllı" şəhərlər, kəndlər salınır. Bütün bunlar yaşıl enerjinin istifadəsi haqqında daha əvvəl səsləndirdiyim fikirlərə uyğundur.
S.Qafarova təəssüflə qeyd edib ki, Ermənistanın həmin ərazilərdə basdırdığı minalar bu prosesə ciddi maneələr törədir. O, bildirib ki, bu gün doğma yurd-yuvalarına qayıdan məcburi köçkünlərimizin, o cümlədən qadın və uşaqların həyatı ciddi təhlükədə qarşısındadır. Humanitar problem olan minalar münaqişələrdən əziyyət çəkmiş bir çox digər ölkələr kimi, Azərbaycanda da iqtisadi bərpa və davamlı inkişafa ciddi əngəl yaradır: Hesab edirəm ki, parlamentlərarası dialoqumuz bu məsələlərə də diqqət yetirməlidir.