Salyan seçiciləri uğurların davamına səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 64 saylı Salyan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun rayonun Arbatan kəndində Arbatan, Aşağı Kürkənd və Xurşud kəndlərinin seçiciləri ilə görüşü keçirilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov çıxış edərək qeyd edib ki, Azərbaycanın hər bir uğurunda YAP-ın öz payı var: “YAP suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsinə öz töhfələrini vermək üçün daha böyük səylə çalışır. Partiyanın yeni dövrün çağırışlarına uyğun olaraq parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Xalqımız bu seçkilərdə də “Yeni dövrə yeni Azərbaycanla” deyərək partiyanın namizədlərinə dəstək olacaq, yeni hədəflərin uğurlu icrasına töhfələrini verəcəklər”.

Tədbirdə çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov daim müstəqil Azərbaycanın daha da güclənməsi, çiçəklənməsi, müasirləşməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini və tarixi uğurlara nail olduğunu söyləyib. Deputatlığa namizəd əminliklə bildirib ki, parlament seçkilərində YAP-ın namizədlərinə veriləcək səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək.

Tədbirdə, həmçinin şəhid atası Rəşad İsayev, təşviqat qrupunun üzvü Malik Kərimov, seçici Adıgözəl Məmmədov, YAP fəalı Qəfər Məmmədov və digərləri çıxış ediblər. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar. 

Çıxış edən seçicilər qarşıda duran bütün hədəflərin reallaşdırılması üçün YAP-a etimad göstərəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Sadiq Qurbanov seçicilərlə fərdi görüşlər də keçirib, Aşağı Kürkənd kəndində Birinci Qarabağ müharibəsi şəhidi Azər Əliyevin ailəsini ziyarət edib.