Salyanda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı

Salyanda ötən gün 4 nəfərin ölümü ilə nəticələnən yol-hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Sabahinfo.az-ın məlumatına görə, Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 26-cı kilometrliyində 25.12.2001-ci il təvəllüdlü Dadaşov Əli Səfail oğlu idarə etdiyi “KamAZ 65115” markalı 42-BM-084 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman qarşıda yolun sağ kənarında dayanmış 1976-cı il təvəllüdlü Hüseynov Elxan Ramil oğlunun idarə etdiyi “Hyundai Accent” markalı 99-TN-320 dövlət qeydiyyat nişanlı minik avtomobilini arxadan vurub.

Hadisə nəticəsində “Hyundai Accent” markalı avtomobilin sərnişinləri 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı, 1960-cı il təvəllüdlü Muradova Mirsəkinə Mirqiyam qızı, 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı və 2020-ci il təvəllüdlü Bağırov Bayxan Bayram oğlu aldıqları xəsarətlərdən ölüblər, digər sərnişinlər 1971-ci il təvəllüdlü Ağayeva Xannənə Qabil qızı, sürücülər Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu xəsarət alıblar.

Faktla bağlı BDYPİ-nin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.