Salyanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Salyanda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

 Anım tədbirində Salyan Rayon İcra Hakimiyyətinin başçısı aparatı, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” xatirə kompleksini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əyiblər. Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Salyanlılar torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların, qətlə yetirilmiş yüzlərlə həmvətənlərimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

 Xalqımız 33 ildir ki, bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Müharibə başa çatsa da, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi gündəmə gəlsə də, erməni vəhşiliyini, 33 il əvvəl Xocalıda törədilmiş amansız soyqırımını heç vaxt unutmaq olmaz. Möhtərəm Prezident cənab İlham Əliyevin dediyi kimi: “Biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinləri də işğaldan azad olunan Xocalıya qayıdır, vaxtı ilə soyqırımı acısını yaşamış bu torpağa yeni həyat gətirirlər.