Şanlı bayrağımız daim zirvələrdə dalğalansın

Hər bir dövlət üçün onun bayrağı əzizdir, müqəddəsdir. Bayrağın daim zirvələrdə dalğalanması üçün qanlar tökülüb, əqidələr toqquşub. Azərbaycan bayrağı özündə 3 rəngi, aypara, ulduz nişanələrini birləşdirir. Mavi türkçülük, qırmızı azadlıq, yaşıl isə islamı tərənnüm edir. Azərbaycan Respublikasının rəsmi dövlət himninin müəllifi Üzeyir Hacıbəyov yazırdı: "Azərbaycan Cümhuriyyəti sağlam milli özül üzərində və türk düşüncəsi ilə yaradılıb… Eyni zamanda, Azərbaycan yeni cəmiyyət formalaşdırmağa, Avropa düşüncəsi ilə hərəkət etməyə çalışırdı. Bayrağımızdakı üç rəng bu elementləri özündə əks etdirir".
Azərbaycan bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən rəsmi olaraq qəbul edilib. Bu bayraq, Azərbaycan xalqının müstəqilliyini və yeni qurulan respublikanın dəyərlərini simvollaşdırırıb. 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının qurulması ilə bayraq dəyişdirildi və Sovet dövründə istifadə olunan yeni bir bayraqla əvəz olunub.
Azadlıq yağışından doğan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
Daha sonra  Naxçıvan  Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir.     
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Azərbaycan Respublikasının  Dövlət bayrağı  Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının ən əsas göstəricilərindəndir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində erməni separatçılarının qalıqları tamamilə məğlub edilərək ölkəmizin suverenliyi tam  təmin olundu. Bununla da üçrəngli şanlı bayrağımızın Xocalıda, Əsgəranda, Ağdərədə, Xankəndində və digər torpaqlarımızda  qürurla dalğalanır. 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü tarixi torpaqlarımızda böyük qürur və fərəh hissi ilə qeyd olunur.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı