Şanlı Zəfərdən yeni zirvələrə doğru

Dünyanın inkişaf etmiş ölkələrinin siyasi liderləri, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ünvanına doğum günü münasibətilə edilən çoxsaylı təbriklər və bu təbriklərdə yer alan qiymətli fikirləri oxuduqca bir vətəndaş kimi sevinməyə bilmirsən. Bütün təbrik teleqramlarında cənab Prezident “sözü imzası qədər etibarlı olan lider”, “ dünya şöhrətli güclü siyasi xadim” kimi xarakterizə olunur. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra müzəffər Ali Baş Komandan kimi adını dünya tarixinə yazdıran Azərbaycan liderinin beynəlxalq aləmdəki nüfuzu daha da güclənmişdi. Təbii ki, cənab İlham Əliyevin siyasi fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı, milli maraqlar dayanır.

Cənab Prezidentin özünün qeyd etdiyi kimi, 20 il bundan əvvəl Azərbaycan xalqı ona böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir.

“O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

Bu fikirlər cənab Prezident İlham Əliyevin 15 oktyabr 2023-cü ildə Xankəndidə etdiyi çıxışından sitatdır. Biz cənab prezidentin keçdiyi yola nəzər salarkən onun təhsil və peşəkar fəaliyyətini xüsusilə vurğulamalıyıq. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olan cənab İlham Əliyev 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif olunub. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Ölkəmiz regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycanda İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Hazırda Böyük Qayıdışa dair I Dövlət Proqramı həyata keçirilir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 12 milyard manatdan artıq vəsait ayrılıb. İşğaldan azad olunan ərazilərin yenidən qurulması torpaqlatımızın düşməndən azad edilməsi qədər vacib, şərəfli, çətin missiyadır. Xalqımız inanır ki, Prezident İlham Əliyev bu çətin və şərəfli missiyanın öhdəsindən gələcək. Sonda bir məqamı xüsusilə vurğulamaq istəyərdim. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Sonuncu ad günündə isə cənab Prezident Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

Əminliklə qeyd etmək olar ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seşkilərində müzəffər Ali Baş Komandan xalqın mütləq əksəriyyətinin səsini qazanaraq növbəti 7 il ərzində Azərbaycana rəhbərlik edəcək. Çünki Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 20 ildə ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində əldə olunan uğurlar, görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkəyə çevrilib.

MƏTANƏT SƏFƏRLİ

YAP Nəsimi Rayon təşkilatının Əməkdaşı