Səbinə Xasayeva  Puta qəsəbəsində bir qrup vətəndaşı qəbul edib

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Puta qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir. Qəbulda iştirak edən vətəndaşlardan Məmməd Ağazadə, Faina Rəfiyevə, Elmira Tağıyeva, Esmira Rəhimova, Şüşəxanım Tağıyeva, Qalina Ömərova, Mətanət Fətəliyeva, Anar Əliyev və Ələddin Mikayılov qəsəbədə fərdi evlərin sənədləşdirilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, sayı artmış sahibsiz itlərin toplanılması və xəstəlikərə qarşı peyvənd edilməsinin, münasib yerdə “Beynəlxalq” və “Kapital” bankın bankomatının quraşdırılmasının, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, kanalizasiya xəttinin çəkilməsinin, dəftərxana ləvazimatı köşkunun quraşdırılmasının, aptek açılmasının, 2017-ci ildən tikintisi dayandırılmış İdman Kompleksinin tamamlanıb əhalinin istifadəsinə verilməsinin, Kamran Yaqubov adına tam orta məktəbin 300 yerlik olduğu halda məktəbdə 700-ə yaxın şagirdin təhsil aldığını nəzərə alıb əlavə korpusun tikilməsinin, magistral yoldan məktəbə dönən yolun təmirinin və yeni asfalt örtüyünün çəkilməsinin, məktəbdə idman meydançasının yaradılmasının, əhalinin sosial təminatının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər. Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb. Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Qaradağ rayonu Puta bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən Mehdi Məmmədov və Qaradağ rayon İcra Hakimiyyəti başçısının Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Umudov iştirak etmişlər.