12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonu Xocəsən bələdiyyəsinin inzibatı binasının qəbul otağında bir qrup vətəndaşı həm qrup halında, həm də fərdi qəbul edərək müraciət və təkliflərini dinləyib.
Vətəndaşlardan Zakir Mürsəlov, Rafiq Əsədov, Zakir Səmədov, Fəxrəddin Dadaşov, Seymur Muradov, Səxavət Göyüşov, Bayram Quruşov, İsa Xəlilov, Ələddin Həsənov, Aslan Manafov, Firudin Şahbuzlu (Məhərrəmov ), Zülfüqar Qasımov, Vüsal Zeynalov, Tapdıq Həsənov, Vidadi Şalbuzov, İslam Ələsgərov, Rauf Yusifov, Tərlan Məmmədyarov, Aypara Cəlilova,Rahilə Alsəfərova, Manaf Kərimov və başqaları qəsəbədə fərdi evlərin sənədləşdirilməsi, əhalinin dayanaqlı su ilə təchiz edilməsi, Xocəsən yeni yaşayış və “Çiçək” yaşayış massivlərinə əsas xətdən su çəkilməsi,elektrik enerjisinin verilməsində yaranan nasazlıqların aradan qaldırılması,yeni körpələr evi-uşaq bağçasının tikilməsi, əhalinin asudə vaxtlarını səmərəli keçirmələri üçün münasib şərait yaradılması,, yaşadıqları ərazidə məhəllədaxili yolların asfaltlaşdırılması və ışıqlandırılmasının başa çatdırılması, qəsəbədə mövcud kanalizasiya şəbəkəsinin yenidən qurulması, yeni yaşayış massivlərində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsi, küçələrin adlarının ünvan reysterinə işlənməsi,117 nömrəli avtobus xəttinin yenidən bərpa edilməsi ( Biləcəri qəsəbəsi-Binə Ticarət Mərkəzi-Biləcəri qəsəbəsi), məktəblərin əhatəsində olan həssas yerlərə çətin tərbiyə olunan və tüfeyli şəxslərin toplanmasının və orada narkotik maddələrdən istifadə etmələrinin qarşısının alınması üçün polis tərəfindən mütəmadi reydlərin keçirilməsinə yardım göstərilməsi, narkomaniya ilə mübarizə sahəsində əhali arasında maarifçilik və hüquq təbliğatının gücləndirilməsi,əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılması, sosial təminat və digər bu kimi məsələlər qaldırıblar.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb. Müvafiq qurumlara təqdim edilməsi üçün vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.
Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov, Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.
Seçicilərlə mütəmadi olaraq görüşlərin keçirilməsi və onların qəbul edilməsi deputat Səbinə Xasayevanın əsas fəaliyyət istiqamətlərindən biridir. Müraciət edənlər bildiriblər ki, belə görüşlər deputat-seçici münasibətlərinin daha da yaxşılaşdırılmasına xidmət edir.