Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü xalqımız böyük coşqu və sevinclə qeyd edir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir, çünki bu gün hər bir sahədə biz onun irsini hiss edirik.
Azərbaycan təhsilinin formalaşmasında, inkişaf etdirilməsində Ulu Öndərin müstəsna xidmətləri vardır. Umummilli Liderin bu sahədə gördüyü işlərdən bəhs etmək, regionlarda təbliğ etmək məqsədilə məqsədilə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 22 fevral 2023-cü il tarixində Göyçay şəhər 3 saylı və Ağdaş şəhər 2 saylı Tam Orta Məktəblərində təhsil işçiləri, rayon ziyalıları ilə “Heydər Əliyev və təhsil” mövzusunda görüşlər keçirib.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, sonra Ümummilli Liderin həyat yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.
Çıxış edən M.Əfəndiyev ilk növbədə Azərbaycan təhsilinin tarixindən söz açaraq hələ VII əsrdə təhsil sisteminin formalaşdığınından, sonrakı dövrlərdə Azərbaycanın bir çox şəhərlərinin təhsil, elm, mədəniyyət mərkəzi olaraq tanınmasından, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti və Sovetlər dönəmindəki inkişaf yolundan bəhs etdi.
Sonra Azərbaycan təhsilinin Heydər Əliyev tarixinə nəzər yetirən millət vəkili qeyd edib ki, Heydər Əliyev Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda böyük məna yükü daşıyan şəxsiyyətdir. O, ömrünün 30 ildən çox hissəsini müasir Azərbaycan quruculuğuna həsr edib. Ümummilli Lider Azərbaycan xalqının yüksək elmi biliyə, savada malik olduğunu və bu dəyərlərin Azərbaycanda yaranmasının müəllim, pedaqoq və alimlərimizin gərgin əməyinin nəticəsi olduğunu bildirib.
“Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərtdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir. Belə ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ bugünkü Azərbaycan elminin inkişaf dövrü kimi tanınır. Heydər Əliyevin fəaliyyəti müstəqil Azərbaycanın dünya standartlarına uyğun təhsil islahatları əsasında yeni milli təhsil quruculuğuna rəhbərliyi ilə başlanan indiki dövrü əhatə edir. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursuna sadiq qalaraq digər sahələrlə yanaşı, təhsilimizə də yüksək qayğı göstərir.”
Digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və təhsil sisteminin inkişafında tarixi fəaliyyətindən söz açdılar. Umummilli Liderin siyasi kursu, dövlətçilik prinsipləri, elm və təhsil siyasəti haqqında fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Görüşlərin rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkli çəkdirildi. Sonda tədbir iştirakçıları görüşün baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildiriblər.