Dövlət Gömrük Komitəsində fəaliyyətini başa vuran könüllü gömrükçülərə sertifikatların verilməsi, növbəti “Könüllü gömrükçü” dəstəsinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.
Sabahinfo.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, aidiyyəti struktur bölmələrin rəhbərləri, könüllü gömrükçülər iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə formalaşmış könüllülük hərəkatının ölkəmizin sosial-iqtisadi həyatındakı rolundan bəhs edən Komitə sədri bu fəaliyyətin gənc nəslin hərtərəfli inkişafı, bilik və bacarıqlarının artırılmasındakı əhəmiyyətindən danışıb.
DGK sədri bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti hərtərəfli biliyə malik, sağlam, vətənpərvər gənclərin yetişməsinə şərait yaradıb.
Səfər Mehdiyev diqqətə çatdırıb ki, bu gün ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı da bu siyasətin məntiqi davamıdır. Vurğulanıb ki, 4 ildir gömrük orqanlarında "Könüllü gömrükçü" dəstəsi fəaliyyət göstərir və könüllü gömrükçülər Komitənin müxtəlif struktur bölmələrində fəaliyyətlərini uğurla davam etdirirlər.
Komitə sədri 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin nümayiş etdirdiyi qəhrəmanlıq, əzm, vətənpərvərlik nümunəsinin ölkəmizdəki məqsədyönlü gənclər siyasətinin bariz nümunəsi olduğunu bildirib.
Ölkəmizdə bütün sahələrdə gənclərə geniş yer verildiyini, onların daim önə çəkildiyini, gənc nəslin potensialının üzə çıxarılması üçün məqsədyönlü addımlar atıldığını vurğulayan Komitə sədri son illər aparılan islahatlar çərçivəsində gömrük orqanlarında da gənclərə xüsusi diqqət göstərildiyini, hazırda şəxsi heyətin yarıya qədərini gənclərin təşkil etdiyini diqqətə çatdırıb.
Səfər Mehdiyev bildirib ki, könüllü hərəkatı çərçivəsində bugünədək Dövlət Gömrük Komitəsində 1400-ə yaxın gənc bilik və bacarıqlarını artırmaq, gömrük işini dərindən mənimsəmək imkanı əldə edib. Komitə sədri "Könüllü gömrükçü" dəstəsinin üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Könüllü gömrükçülər adından çıxış edən Zəhra Məmmədli və Vüsal Məmmədrəhimov əldə etdikləri bilik və bacarıqları sınaqdan keçirmək, həyat və iş təcrübəsi qazanmaq baxımından könüllü hərəkatının önəmindən bəhs edib, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər. Onlar fəaliyyətlərinin uğurlu təşkilinə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivinə də minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda “Könüllü gömrükçü” dəstəsinin üzvlərinə sertifikatlar təqdim edilib.