Sentyabrın 12-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində şəhid ailələri, müharibə veteranları, qazilərlə işləyən QHT nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, departament müdiri Elnur Bağırlı, qurumun əməkdaşları, şəhid ailələri, müharibə veteranları, qazilər ilə işləyən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bütün dövlət qurumları qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qruplara aid insanlara diqqət və qayğının göstərilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Bu sahədə çalışan qeyri-hökumət təşkilatları daha aktiv olmalı və dövlətin bu sahədə yürütdüyü siyasətdə fəal iştirak etməlidirlər.
Sonra çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Cəlil Xəlilov, Müşfiq Əliyev, Radə Abbas, Maral Zamanova, Sultan Əzimzadə, Mehdi Mehdiyev, Mətanət Əsgərqızı, Sevinc Abdullayeva, Ramil Əliyev, Nəzakət Həsənova, Tünzalə Abduləlimova, Ceyran Həsənova, Esmira Orucova , Naibə Behbudova, Rey Qasımov, Füzuli Rzaquliyev, Səməd Vəkilov diqqətə çatdırıblar ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Ölkəmizdə Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən qayğı təqdirəlayiqdir.
Tədbir diskussiya şəklində davam edib və təşkilatlar bu sahədə görüləcək fəaliyyətləri ilə bağlı təkliflər səsləndiriblər.