Şəhid ailələrinə hörmətlə, həssaslıqla yanaşmaq bizim mənəvi borcumuzdur!

Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların sosial rifah halının yüksəldilməsi və meydana çıxan problemlərinin vaxtında həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. 
2020-ci il 8 dekabr tarixində  Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” imzaladığı Fərman böyük əhəmiyyət kəsb edir. Nizamnaməsində də göstərildiyi kimi, Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov həm də Qarabağ qazisidir, Vətən müharibəsində döyüşüb. O, şəhid ailələrinin, əlil hərbçilərin, müharibə veteranlarının problemini hər kəsdən daha yaxşı bilir və onlara daha həssas yanaşan bir şəxsdir. Bu günədək Fondun büdcəsindən 80 milyon manatdan çox  vəsait xərclənib.
Fondun əməkdaşları 3 mindən çox şəhidin ailə üzvləri, habelə 6 min 568 yaralı olmaqla ümumilikdə 20 minə yaxən şəxslə görüşüb, onların ehtiyaclarını qeydə alıblar. 
İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 min 500-ə yaxın müraciət təmin edilib. Əlavə olaraq Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 140 manatdan çox borc ləğv edilib.
Yaşat Fondunun yaradılması  eyni zamanda, dövlətin, şəxsən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir.
Sözsüz ki, şəhid və qazi ailələrinə dəstək olmaq, onları daimi diqqət və qayğı ilə əhatə etmək həm dövlət, həm xalq olaraq borcumuzdur. Azərbaycanda şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində hər zaman – hətta 44 günlük Vətən müharibəsindən öncə də  yüksək diqqət və qayğı göstərilirdi. Biz onlara və onların problemlərinəhər zaman həssaslıqla yanaşmışıq.  İkinci Qarabağ savaşından sonra bizim şəhid ailələri və qazilərimizə yanaşmamız daha da həssas oldu.  Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi, öz maddi və mənəvi dəstəklərini onlardan əsirgəmədi. Bu Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir.
Şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təmin edilməsi, müalicəsi və sosial durumlarının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Yuxarıda qeyd etdiyimiz kimi, şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir. Vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara dəstək olmalı, onlarla əlaqə qurnmalıdırlar. Şərt deyil ki, şəhid ailələri və müharibə əlillərinə ancaq maddi yardım göstərəcək, işlə təmin edəsən. Onların qapılarını döyüb süfrələrində oturub bir stəkan çayını içmək, həmsöhbət olmaq, dərdlərini bölüşməyin özü də böyük diqqətin göstəricisidir. Biz şəhid ailələrinin qonağı olanda, dərdlərinə şərik çıxanda onlar mənəvi rahatlıq tapırlar, sevinirlər. Bunu etmək üçün sadəcə istək, vətəni, şəhdilərimizi və onların ailələrini sevmək, vətənpərvər olmaq lazımdır.  
Təbii ki, bizdə vətənpərvər insanların sayı kifayət qədər çoxdur. Onların şəhidlərimizə, şəhid ailələrinə, yaralı hərbçilərimizə münasibətləri mövsümi xarakter daımır. Doğrudan da, vətənpərvərlik bizim həyat tərzimiz olmalıdır. Şəhid ailələrinə hörmətlə, həssaslıqla yanaşmaq bizim mənəvi borcumuzdur!

 

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur