Şəhid ailələrinin problemlərinə həssas yanaşılmalıdır

Azərbaycan xalqı hər zaman öz şəhidini və onun ailəsini uca tutub, onlara həssas münasibət sərgiləyib. Təkcə, birinci və ikinci Qarabağ müharibələrində deyil, tarixən -  Birinci Dünya  Müharibəsində, 1918-ci ildə erməni-müsəlman qırğınlarında, İkinci Dünya Müharibəsində həlak olan soydaşlarımızın xatirəsinə xüsusi hörmət bəslənilib. Folklorumuzdakı ağılar, faciəvi dastanlar, şeirlər ta qədimdən  müharibədə həlak olan igidlərimizə bəslənən məhəbbətin, münasibətin göstəricisidir. 
Bu gün həm xalq, həm də dövlət olaraq şəhidlərimizin adlarını daim uca tuturuq, onların ailələrinin problemlərinin həllinə köməklik göstəririk. Şəhid ailələri və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən daimi və xüsusi proqramlar icra olunur.  Bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də müharibə əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısından ibarətdir. 
Dövlət başçısının 2021-ci ilin yanvarında imzaladığı sərəncama əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 14 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Prezident İlham Əliyev davamlı olaraq şəhid ailələri və qazilərlə şəxsən görüşlər təşkil edir, onların problemi ilə yaxından maraqlanır. Vətən müharibəsi dövründə Prezident İlham Əliyev  və birinci xanım  Mehriban Əliyeva xəstəxanada müalicə alan qazilərimizə baş çəkib, onlara həm də mənəvi dəstəklərini ifadə etmişdilər.
Bu qəbildən olan ardıcıl işlər göstərir ki, vətəndaşlarımızın daim qayğı ilə əhatələnməsi, dövlət dəstəyini hiss etməsi  dövlət siyasətinin prioritet hədəflərinin təməlində dayanır. Vətənimizin, torpaqlarımızın bütövlüyünün bərpası uğrunda mübarizə aparmış qazilərimizin sağlamlıq vəziyyətləri, reabilitasiyası da daim diqqətdə saxlanılan məsələlərdəndir. 
Bu günə qədər 13 minə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda hər il mənzillər verilir. Proses gələn il də davam etdiriləcək. Paralel olaraq qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də mühüm addımlar atılır.
Ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır. Bununla bağlı dövlət başçısı tərəfindən son illər ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb.
Prezident İlham Əliyev tərəfindən şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda da dəyişiklik edilməsi bu baxımdan önəmlidir. Sənədə əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılıb. Həmçinin dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyənləşdirilib.
İstər hüquqi müstəvidə, istər dövlət məmurlarının, istərsə də hər bir vətəndaş şəhid ailələrinə həssas yanaşmalı, onların qayğılarına xüsusi münasibət göstərilməlidir. Bütün şəhid ailələrinin mənzil problemləri həll olunmalıdır.  Axı Prezident İlham Əliyev həmin həssas təbəqədən olan vətəndaşların problemlərinin həllini bütün dövlət qurumları qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib. Dövlətimiz və xalqımız bundan sonra da əhalinin həssas qruplarına, şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirmiş şəxslərə diqqət və qayğı göstərməkdə davam edəcək.  
 Bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması üçün mövcud proqramlar yüksək səviyyədə icra olunacaqdır. 
Torpaqlarımızın azad olunmasında, haqq-ədalət savaşımızda bizə Zəfər bəxş edən şəhidlərimiz və onların ailə üzvləri, qazilərimiz, hərbçilərimiz baş tacımızdır, qürurumuzdur. Vətən qarşısında öz müqəddəs  borcunu şərəflə yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış gənclərimizin ailələri bizə əmanətdir.  

 

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur