Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İlmələrin sevinci: xalçaçılıq kursları” layihəsinin icrasına başlayıb. Bu haqda Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Səbuhi Bayramov saytımıza məlumat verib.
Layihənin məqsədi yaradıcı sənayenin, tarixi ənənələrin, mədəniyyətin, konkret olaraq xalça sənətinin gücündən istifadə etməklə sosial təşəbbüsləri dəstəkləmək, təkmilləşdirməkdir. Həmçinin həssas əhali qruplarına daxil olan insanların yaradıcı təfəkkürünə stimul vermək, yaradıcı sənaye, mədəniyyət vasitəsilə onların sosial problemlərinin həllinə kömək etməkdir.
İyun-avqust ayları ərzində icra olunacaq layihə çərçivəsində Bakı şəhərində yaşayan və müvafiq sosial strukturlar tərəfindən həssas qruplara daxil edilən 10 (on) nəfərdən ibarət qrupa xalça sənəti, xalça dizaynerliyi, yaradıcı sənaye, o cümlədən, xalça instalyasiyaları,xalçanın digər sənət növləri ilə inteqrasiyası, perspektivləri, İT və İnnovativ alətlər vasitəsilə xalça sənətinin inkişafına dair nəzəri-praktik kurslar təşkil olunacaq. Sonda kursdan keçən insanlara müvafiq sertifikat təqdim ediləcək.