Şəhidlərin ailə üzvlərinə və qazilərə tətbiq edilən vergi güzəştləri

Vətən Müharibəsindən sonra dövlətimizin qarşısında duran ən mühüm sosial məsələlərdən biri şəhid ailələrinin və sağlamlığını itirmiş qəhrəman döyüşçülərimizin qayğılarının diqqət mərkəzində saxlanılması, onların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Şəhid ailələri, yaralı hərbçilər və müharibə iştirakçılarına dövlətin bütün sahələrində olduğu kimi, vergi sistemində də bir sıra güzəştlər tətbiq edilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərin də mühüm istiqamətlərindən biri sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılmasıdır. Dəyişikliklərə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində sağlamlığını itirmiş və əlilliyi müəyyən edilmiş hərbi qulluqçular üçün yeni vergi güzəştləri müəyyənləşdirilib. Eyni zamanda Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir. Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı kimi, bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq, maddi yardımların 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.

Gəlir vergisi üzrə digər dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsinin, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Digər dəyişikliyə əsasən şəhid ailəsi üzvlərinin gəlirlərinin vergidən azad edilən hissəsi indiyədək mövcud olan 400 manatdan 800 manata qaldırılıb.

Nəticədə şəhidlərin övladları, valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən tam şəkildə azad olunur.

Qeyd edildiyi kimi şəhid ailələri üçün güzəşt indiyə qədər də mövcud idi, amma yenilikdən sonra şəhid ailəsi üzvlərinin gəlirləri bir qədər də artdı.

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladları 400 manat məbləğində güzəşt hüququna malikdir. Vergi Məcəlləsinə əlavə edilməsi təklif edilən 102.1-1-ci maddədə isə şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində güzəşt nəzərdə tutulur. Şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin də aylıq əmək haqqı gəlirlərinə də güzəşt tətbiq edilir.

Gələcəkdə bu kateqoriyadan olan güzəştlərin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Çünki Azərbaycan dövlətinin şəhid ailələri, müharibə veteranlarına sosial qayğısı daim artırılır Bütün bu güzəştlər Azərbaycan dövlətinin, onun rəhbərliyinin şəhidlərimizin ailə üzvlərinə, yaralı hərbçilərə və bütün müharibə iştirakçılarına diqqətinin bariz nümunəsidir.

 

Fuad Hüseynzadə

Yazı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəhid ailələrinə maddi və mənəvi dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən  "Şəhid ailələrinə dəstək tədbirləri və xidmət" layihəsi çərçivəsində dərc olunur