Şəhidlik elə bir zirvədir ki, o zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Mənfur Ermənistanın əssasız ərazi iddiaları üzündən Azərbaycan xalqı tarix boyu şəhid vermiş, həyata keçirilən tədbirlər nəticəsində neçə-neçə oğullarımız öz sağlamlığını itirmişdir. Erməni daşnaqlarının torpaqlarımızı işğal eləməklə yanaşı Ordumuza və sıravi vətəndaşlara qarşı həyata keçirdiyi əməliyyatlar dözülməz hal almaqla bərabər işğal altında olan torpaqların azad edilməsini şərtləndirirdi. 2020-ci ildə başlanılan əməliyyatların müsbət sonluğu kimi Müzəffər Azərbaycan Ordusu qələbə qazandı və bu qələbə ilə Azərbaycan öz suverenliyini təmin etdi.
Müharibə ağrısız, acısız və itkisiz olmur. Azərbaycan Ordusunun qəhrəman oğullarının qanı bahasına əldə olunan Qələbəni qeyd etməklə yanaşı şəhidlərimizi də heç zaman unutmalı deyilik. Hökumətin bu istiqamətdə atdığı addımlar sözün həqiqi mənasında təqdirəlayiqdir. Cənab Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Belə bir günün təsis olunması şəhidlərin ruhuna göstərilən etimaddan irəli gəlir. Bununla yanaşı vətən müharibəsində Qələbə münasibətilə medal və ordenlərin təsis olunması da Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Cənab Prezident 27 sentyabr 2020-ci il tarixində xalqa müraciətində bildirirdi ki, “Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Bütün bunların fonunda bu gün əminliklə deyə bilərik ki, şəhidlərimizin ruhu şaddır. Onların canlarını fəda etdikləri torpaqlarda bu gün quruculuq-abadlıq işləri həyata keçirilir. Uzun illər öz elindən-obasından qaçqın və köçkün düşən soydaşlarımızın həsrətinə son qoyulur. Artıq yeni dövr yazılır və dövrü yazanların tökülən hər damla qanı qarşısında baş əyirik. Gələcək nəsil şəhidlərimizi heç zaman unutmayacaq və onların xatirəsini daim dərin ehtiramla yad edəcəkdir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı