Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sabahinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində tanınan Maliyyə Nazirliyinin nümayəndələri iştirak etməyib.
Səlim Müslümovun vəkili bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində ayrılmış cinayət işi üzrə istintaqı aparılan işdə dövlətə dəymiş ziyanın ödənilməsi barədə son məlumat verilməsi barədə sorğu verilib. Vəkil sorğuya cavab almadığını deyib. Vəkil məhkəmə qaydasında da ziyanın ödənilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini istəyib.
Hakim bildirib ki, bundan əvvəl bir dəfə Dövlət Təhlükəsizliyi Xidmətinə ziyanın ödənilməsi barədə məlumat alınması üçün məhkəmə sorğu göndərib, həmin sorğuya cavab alınıb. Hakim qeyd edib ki, ziyanın ödənilməsi üçün son məlumatın alınması barədə yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndəriləcək.
Bu səbəbdən proses yanvarın 17-dək təxirə salınıb.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb.
O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.