Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub.1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb
Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin olduğunu bildirdi. Ölkə başçısı qeyd etdi ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib və ölkələrimiz arasında səmərəli siyasi dialoq yaranıb. Məhz fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Eyni zamanda, son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi enerji sektorundakı əməkdaşlıqdır.
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanatında onu da bildirdi ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır və Bolqarıstan qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Odur ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır.
Azərbaycan ilə Bolqarıstan 60-dan çox sənəd imzalanıb ki, bu sənədlərdən dördü Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin mayın 8-də ölkəmizə səfəri zamanı imzalanmışdır. Bolqarıstan ölkəmizi Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Həmçinin ölkələrimiz arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri