Sabahinfo.az–ın məlumatına görə, rayon
prokurorluğundan ANS PRESS-ə verilən
məlumata görə, hadisə səhər saat 10 radələrində İsmayıllı rayonunun Qurban
Əfəndi kəndində qeydə alınıb.
64 yaşlı kənd sakini Məhəmməd Əhməd oğlu Əhmədov həmkəndlisi 62
yaşlı Allahverdi Sədulla oğlu Rəhimovu və həyat yoldaşı 56 yaşlı Bahar Qəhrəman
qızı Əhmədovanı güllələyərək öldürüb. O, ov tüfəgi ilə atəş açıb.
Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Lakin onun halı
pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt keçirdiyini
bildiriblər. Hazırda M.Əhmədov xəstəxanada müalicə alır. Polis nəzarəti altında
müalicə alan şübhəlinin vəziyyəti ağırdır.
Araşdırmalar zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi
məlum olub. Sən demə Məhəmməd Əhmədov arvadı ilə qonşusunun sevgili olmasından
şübhələnib. Çünki o, bir vaxtlar arvadı Bahar Əhmədova ilə qonşusu Allahverdi
Rəhimovu birlikdə görübmüş. Vaxtilə hansısa səbəbdən bunu araşdırmaq istəməyən
qısqanc ər illər ötdükdən sonra haqq-hesab çəkmək istəyib.
Bu səbəbdən də ov tüfəngilə silahlanıb və səhər-səhər kənddə,
ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun yanına
gəlib. Silahı çəkib və "Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir”
deyərək qonşuların yanında Allahverdi Rəhimovu ürəyindən güllələyib.
Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat
yoldaşı Bahar Əhməovanı da güllələyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.