Azərbaycanda keçirilən hər beynəlxalq tədbir dünya dövlətləri arasında
dövlətimizin nüfuzunu daha da artırır. Beynəlxalq tədbir beynəlxalq siyasətin
tərkib hissəsi kimi tarixləşir. Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində 4-cü
Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili
Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri belə
tədbirlərdəndir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü, təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən “ADEX”
sərgisi müasir texnika və silah sərgisidir, digər iştirakçı dövlətlər kimi
Azərbaycanın da hərbi-sənaye kompleksinin gücünün və qüdrətini nümayişi deməkdir.
Bakı Ekspo Mərkəzinin birinci, üçüncü zallarında və açıq sahəsində
yerləşdirilən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri
sərgiyə gələnlərdə böyük maraq doğurub və sərgiyə gələnlər Azərbaycan istehsalı olan silah və hərbi sursatlara maraqla baxıblar. Baxmaq yaddaşa köçürmək, yaddaşa köçürmək təqdir etmək deməkdir. Bu maraq həm də Azərbaycan Ordusunun 2020-ci ilin noyabrında qazandığı Zəfərlə bağlıdır. “ADEX”lə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə,
yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks
mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirilən
13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex
Caspian” sərgisinə də eyni səviyyəli maraq var. Bu sərgilər təsdiqləyir ki,
Azərbaycanın hərbi sənaye kompleksi də ordusu kimi dünyanın əksər
dövlətlərinin ehtiramları ilə əhatələnib.
Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərinin açılış mərasimində sərgi iştirakçılarını salamlayan müdafiə sənayesi naziri Mədət Quliyev sərgi
iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunu oxuyub. Bu səmimi məktub iştirakçı dövlətlərin
nümayəndələrində xoş ovqat yaradıb, azərbaycançılığın bəşəriliyinin təsdiqi
kimi dinlənilib. Sərgidə azərbaycanlılar azərbaycanlılığıyla, digərləri Azərbay-
canda bu səviyyədə təşkil edilən sərgidə iştiraklarıyla, Azərbaycanda
olmalarıyla qürurlanıb...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı