"Azərbaycanda dağ-mədən sənayesinin inkişafı müstəqil Azərbaycan Respublikasının qurucusu, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tam əminliklə demək olar ki, Azərbaycanın dağ-mədən sənayesinin yeni tarixi şəraitdə müasir inkişaf konsepsiyasının işlənib hazırlanması Heydər Əliyevin mühüm töhfələrindən biridir. Qeyd etmək lazımdır ki, dağ-mədən sənayesinin inkişafına xüsusi diqqətin ayrılması nəticəsində Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə kəşf olunmuş faydalı qazıntı yataqlarının sayı 65-dən 500-dək artıb".
Adalet.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Beynəlxalq Geologiya və Mədənçilik Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, ölkəmizdə dağ-mədən sənayesinin inkişafında Heydər Əliyevin rolundan danışarkən bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirmək lazımdır. Məhz onun səyləri ilə istedadlı azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi bu sahənin milli dağ-mədən mütəxəssisləri ilə təmin olunması baxımından böyük əhəmiyyət daşıyıb. Ümummilli Lider fəaliyyətində yeni sənaye müəssisələrinin yaradılması ilə yanaşı, ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələlərini də daim diqqət mərkəzində saxlayıb. Həmin fəaliyyətlərin məntiqi davamı kimi, 2001-ci ildə həyata keçirilən struktur islahatları çərçivəsində, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi və bir sıra digər qurumların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün dağ-mədən sənayesi müasir Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafında mühüm rola malikdir. Bu sahə qeyri-neft sektorunun inkişafında aparıcı istiqamətlərdən biri kimi Azərbaycanın iqtisadi cəhətdən dünyada mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.
Muxtar Babayev bildirib ki, dağ-mədən sənayesinin hazırkı inkişaf tendensiyaları bu sahəyə milli və xarici investisiyaların cəlb olunması ilə dünya sənayesinə inteqrasiya üçün geniş imkanlar açır.
"Hazırda dağ-mədən sahəsində fəaliyyət göstərən yerli və xarici müəssisələr tərəfindən filiz və qeyri-filiz faydalı qazıntılarının istismarı nəticəsində dünya bazarına qiymətli metalların, o cümlədən hazır məhsula yönəlmiş tikinti materiallarının ixracı davam etməkdədir.
Milli iqtisadiyyatın yüksələn templə inkişafını təmin etmək məqsədilə təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadə edilməsi, icra və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ölkə başçısı tərəfindən təsdiq edilmiş bir sıra mühüm inkişaf strategiyalarında da əks olunub.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və strateji inkişaf sənədlərində bu sahədə dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modellərinin yaradılması, təbii ehtiyatların dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb edilməsi hədəflənib.
Ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında” mineral xammal resurslarından istifadə mexanizmlərinin təkmilləşdirilməsi, müasir texnologiyalardan istifadənin stimullaşdırılması, istismarı bitmiş faydalı qazıntı yataqları ərazilərinin rekultivasiyası əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Ölkəmizdə dağ-mədən sənayesinin sürətli inkişafı “məsuliyyətli mədənçi” prinsiplərinin tətbiqini zəruri edir. Bu sektorda mütərəqqi və ətraf mühitə dost texnologiya və standartlardan istifadə əsas prioritet olmalıdır. “Məsuliyyətli mədənçi” ekoloji cəhətdən və insan sağlamlığı baxımından təhlükəsiz fəaliyyətə, sosial məsuliyyətin təmin olunmasına hədəflənməlidir.
Son illərdə iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar, xüsusilə tikinti sektorunun xammala tələbatını ödəmək məqsədilə geoloji axtarış və kəşfiyyat işlərinin miqyası genişlənib. Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının son nəticəsi olan sənaye potensiallı filiz, qeyri-filiz yataqlarının ehtiyatları dövlət qeydiyyatına alındıqdan sonra sənayenin müxtəlif sahələrində tələbatın ödənilməsi üçün istismara cəlb edilir.
Həyata keçirilən geoloji axtarış-kəşfiyyat işləri nəticəsində hazırda Azərbaycanda 1000-dən artıq faydalı qazıntı yatağı qeydiyyata alınıb.
1932-ci ildən fəaliyyət göstərən Dövlət Geoloji İnformasiya Fondu 2023-cü ildən yenidən formalaşıb. Hazırda respublikamızda geoloji kəşfiyyat və dağ-mədən sənayesini səciyyələndirən tədqiqat sənədlərinin saxlanıldığı vahid informasiya sistemi olan Dövlət Geoloji İnformasiya Fondunun məlumat bazasının elektronlaşdırılması və onun əlçatanlığının təmin edilməsi istiqamətində işlər görülür.
Dağ-mədən sektorunda azad rəqabət mühitinin formalaşdırılması və şəffaflığın təmin edilməsi üçün yerin təkinin istifadəyə verilməsi hərraclar vasitəsi ilə həyata keçirilir.
2020-ci ildə ölkəmiz müstəqillik tarixinin ən şanlı səhifələrindən birini yaşadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti, sarsılmaz iradəsi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu.
İşğal dövründə ölkəmizə məxsus 167 faydalı qazıntı yatağından 52-si heç bir ekoloji norma gözlənilmədən vəhşicəsinə istismara məruz qalıb. Tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına, ölkəmizdə dağ-mədən sənayesinin potensialının genişləndirilməsinə zəmin yaradıb.
Həmin ərazilərdə iqtisadiyyatın bərpasında böyük rol oynayan zəngin təbii mineral ehtiyatlar var və həmin bölgələrimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkənin ümumi iqtisadı sisteminə inteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinin gələcək iqtisadiyyatında dağ-mədən sənayesi mühüm yer tutacaq, regionun dirçəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, ölkənin ixrac potensialının artırılmasına önəmli töhfə verəcək", - deyə M.Babayev bildirib.