“Türkdilli dövlətlərlə münasibətlərin qurulması və inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin strateji xəttini təşkil edir. Dövlətimizin banisi Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan qurub yaradarkən Türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir, bu istiqamətdə səylə çalışırdı. Məhz onun müəyyənləşdirdiyi təməllər üzərində inkişaf etdirilən bu əlaqələr hazırda özünün ən yüksək səviyyəsindədir. Eyni soykökə, dilə, dinə, ortaq mədəniyyətə malik olan Türk dövlətlərinin bir-birinə yaxınlaşmasında, əlaqələrin qurulmasında, bir sözlə, qardaşlaşmasında Heydər Əliyevin xidmətləri danılmazdır. Hər zaman qardaş ölkələr Ulu Öndərin Türk dünyasındakı rolunu yüksək qiymətləndirirlər. Qeyd etmək yerinə düşər ki, Azərbaycan ilk gündən türkdilli dövlətlərin keçirilən bütün Zirvə görüşlərində yaxından iştirak edib, ölkələr arasında birliyin yaradılmasında əhəmiyyətli təşəbbüslərlə çıxış edib. Heç də təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə məhz Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişlə yaradılıb. Türk Şurasının sıralarının genişlənməsində və təşkilata çevrilməsində dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsləri mühüm əhəmiyyət kəsb edib”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın türk dövlətləri ilə əlaqələri intensiv şəkildə inkişaf etməkdədir: “Təkcə bu il reallaşan Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imazalanan sənədlər və əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Bu baxımdan dost və qardaş Qırğız Respublikası ilə Azərbaycan arasında münasibətləri yüksək dəyərləndirmək olar. Bu il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” iki ölkə arasında əlaqələrin strateji xarakterini göstərir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Qırğız Respublikasına səfərini iki ölkə arasında münasibətlərin inkişafı baxımdan səmərəli hesab edirəm. İnanırıq ki, burada keçirilən görüşlər, imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə və şaxələnməsinə əhəmiyyətli töhfələr verəcək, ikitərəfli münasibətləri yeni mərhələyə daşıyacaq”.
“Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılmasını xüsusi olaraq qeyd etmək istərdim. Fond iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsində, iqtisadiyyatın modernləşdirilməsində mühüm rol oynayacaq, həmçinin investisiya sahəsində əməkdaşlığın aktivləşməsinə böyük təkan verəcək. Həmçinin əldə olunan razılaşmalar, imzalanan digər sənədlər bütün sahələrin - təhsil, mədəniyyət, texnologiya, nəqliyyat və digər sahələrin inkişafı üçün də səmərəli olacaq. Son zamanlar dünyada baş verən hadisələr zəmnində ölkəmizin tranzit imkanları daha da genişlənib, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilib. Bu baxımdan Qırğızıstanla əməkdaşlıq ölkələrimiz arasında ticarət əlaqələrini güclədirə bilər”, - Milli Məclisin deputatı deyib.
S.Möhbalıyev əlavə edib ki, Bişkekdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması bu dahi şəxsiyyətə olan ali ehtiramın göstəricisidir: “Heydər Əliyev türk dünyası tarixində müstəsna xidmətləri olan dahi şəxsiyyətdir və ideyaları hər zaman yaşayacaq. Eyni zamanda onun siyasi irsi gələcək nəsillər üçün zəngin xəzinə, tükənməz sərvətdir. Bundan başqa, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin açılması iki dövlət arasında döstluq münasibətlərini gücləndirəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq”.