"Şimal qonşumuz bölgəmizdə olan marağını nə sovetlər dövründə, nə də ondan sonra gizlətməyib"

Milli Məclisin deputatı Ülvi Quliyev Moderator.az-a müsahibə verib.

-Ülvi müəllim, dünya birliyinin diqqəti Ukraynaya fokuslanıb. Faktiki müharibə gedir, insanlar tələf olur, Ukraynanın suverenliyi və ərazi bütövlüyü sual altındadır. Rusiya-Ukrayna qarşıdurmasında ölkəmizin rəsmi mövqeyi nədən ibarətdir?

-Dövlətimizin mövqeyi dəyişməzdir və o, ərazi bütövlüyünün toxunulmazlığına və suverenliyə hörmətlə bağlı fundamental beynəlxalq prinsiplərə söykənir. Ölkəmiz qoşulduğu konvensiyalarla və bağladığı dövlətlərarası müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Azərbaycanın rəsmi mövqeyi ATƏT-in fevralın 24-də keçirilmiş Daimi Şurasının xüsusi iclasında növbəti dəfə səsləndirildi. Bəyan olundu ki, “mövcud vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həll edilməsi vacibdir” və bu məqsədlə  tərəflərə təxirəsalınmaz dialoq çağırışı edildi. Prezident İlham Əliyev bu il yanvarın 14-də Ukraynaya işgüzar səfəri zamanı ölkəmizin bu prinsiplərə sadiq olduğunu dünya birliyinin diqqətinə növbəti dəfə çatdırmışdı: “Bildirməliyəm ki, müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”. 

     Bir sözlə, dövlətimizin rəsmi mövqeyi ortadadır və qətidir, heç kim üçün də gözlənilməz olmamalıdır. Bu cür yanaşma təkcə Ukrayna ilə bağlı deyil, bütün ölkələrlə  əlaqələrimiz məhz həmin prinsiplər üzərində qurulur. Hətta Ermənistan sabah Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edərsə, biz də qarşılıqlı şəkildə onun ərazi bütövlüyünü və suverenliyini tanıyacağıq. Prezidentimiz bunu dəfələrlə bəyan edib və bu, gec-tez bağlanacaq sülh müqaviləsinin tərkib hissəsi hesab olunur. O ki qaldı Rusiya-Ukrayna qarşıdurmasına, zahirən belə görünür ki, qarşıdurmada yalnız iki tərəf var. Əslində isə, Ukrayna üzərindən aparılan geosiyasi qarşıdurmanın həlledici fazaya daxil olduğunu görürük. Son 30 ildə dəfələrlə üzləşdiyimiz ikili standartlar və haqq səsimizin çox zaman eşidilməməsi həm də bu qarşıdurmanın soyuq mərhələsi ilə bağlı olub. Prezident İlham Əliyevin siyasi iradəsi və milli maraqlarımıza söykənən praqmatik diplomatiyası olmasaydı, indiki Ukraynanın yerində Azərbaycan da ola bilərdi. Təəssüf ki, bunu arzulayan və reallaşdırmaq istəyən kifayət qədər ciddi ünvanlar olub. 

-Bu günlərdə Moskva Bəyannaməsi imzalandı. Onu Şuşa Bəyannaməsi ilə eyni səviyyəli sənəd hesab etmək olarmı və Bəyannamə ölkəmizə nə vəd edir?

-Sualınızın ikinci hissəsindən başlayaq. Nə vəd edirdən daha çox, nədən, hansı təhlükələrdən sığortalayır? Bunu  az əvvəl, birinci sualınıza cavabımda qeyd etdim. Ukrayna prezidentinin acı təəssüf ifadə edən açıqlamalarını hər birimiz eşidirik. O bildirir ki, NATO-ya üzvlüklə və hərbi koalisiyanın yaradılması ilə bağlı 27 dövlətə etdiyi müraciət ya susqunluqla qarşılanıb, ya da ona açıq şəkildə “yox” cavabı verilib. Eynilik məsələsinə gəldikdə isə, hər iki Bəyannamə müttəfiqlik münasibətlərini rəsmiləşdirir. Bu mənada, yəni bəyan olunan niyyət baxımından hüquqi eynilik mövcuddur. Bununla yanaşı, Şuşa Bəyannaməsi cəmiyyətimiz tərəfindən haqlı olaraq böyük tarixi hadisə kimi qəbul olunur, hər birimizdə xoş ovqat yaradır. Çünki bir əsrlik məcburi fasilədən sonra, faktiki olaraq Qars müqaviləsi  yeniləndi. Rusiya ilə əlaqələrimizdə isə, belə bir fasilə olmayıb və şimal qonşumuz bölgəmizdə olan marağını nə sovetlər dövründə, nə də ondan sonra gizlətməyib. Heç indi də gizlətmir. Xalqımızın qəlbində və ictimai şüurda Şuşa Bəyannaməsinin əlahiddə zirvədə dayanmasına gəldikdə isə, bu, həqiqətən belədir. Çünki cəmiyyətimiz nə qanlı 20 yanvarı, nə də Xocalı soyqırımını unutmayıb və heç vaxt unutmayacaq. Bu günlərdə Xocalı şəhidlərimizin 30-cu ildönümünü qeyd edirik. Allah şəhidlərimizə rəhmət eləsin. Dövlətimizin başçısı çıxışlarında çağırış edir ki, yaşadığımız faciələri unutmamalıyıq və onları gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. 

Bəyannamələrin, dövlətlərarası saziş və müqavilələrin ictimai-siyasi dəyərləndirilməsində ictimai önəmsəmə amili təbiidir. Çünki keçdiyimiz tarixi yol gerçəkliyi var. Lakin söhbət vətəndaşların təhlükəsizliyindən, ərazi bütövlüyümüzün və 44 günlük müharibədə əldə etdiyimiz tarixi Zəfərin etibarlı şəkildə qorunmasından gedirsə, fərdi duyğu və həssasiyyət həmin hədəflər üçün gərəkli olan praqmatik və məsuliyyətli dövlət siyasətinin önünə keçməməlidir. Şübhəsiz, bu, o demək deyil ki, keçmişi unutmalıyıq və ya tarixi yaddaşımızın korşalmasına imkan verməliyik. Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşündə qardaş Türkiyə ilə müttəfiqlik əlaqələrimizin dövlətimiz və xalqımız üçün nəyə görə bu qədər önəmli olduğunun səbəblərinə bir daha aydınlıq gətirdi: ”Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq-bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib... Əlbəttə, Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin elə ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. Həmçinin bu siyasi, mənəvi dəstəklə Türkiyə bəzi ölkələrdəki bir sıra dairələrin Azərbaycana münasibətdə düşməncəsinə hərəkətlərin birmənalı şəkildə qarşısını aldı”. Dövlətimizin başçısı elə həmin görüşdə ona məxsus olan diplomatik üslubda incə bir məqama da eyham vurdu: “Ancaq biz bilirik, etnik yaxınlıq, o cümlədən dil yaxınlığı əfsuslar olsun ki, heç də həmişə sıx münasibətlərin rəhni deyil. Bizim vəziyyətdə buna nail olundu, fikrimcə, uzun illər ərzində və indi də qorunub saxlanılan düzgün siyasət, bərabərhüquqlu münasibətlər sayəsində buna nail olduq”.  Prezident İlham Əliyev bu fikirləri başqa coğrafiyada deyil, elə Moskva Bəyannaməsinin imzalandığ məkanda Rusiyanın aparıcı media qurumlarının rəhbərləri ilə görüşündə bəyan etdi. Təkcə bu epizod kifayət edir ki, Azərbaycan hakimiyyəti və cəmiyyətimiz üçün mənəvi seçim və dəyərlərin dəyişməz olduğunu, hər ikisi üçün eynilik təşkil etdiyini əminliklə deyək.