Şirvanda futbol bayramı

Bir müddət əvvəl şəhərimizdə uşaq futbolu ilə bağlı AFFA-nın təşkilatçılığı ilə gözəl bir tədbir keçirdik. Uşaqlarımızda bir coşqu yarandı, şəhər ictimaiyyəti bunu sevinclə qarşıladı və hesab edirəm ki, gələcəkdə də bütün idman növləri üzrə belə tədbirlərin davamlı olaraq şəhərimizdə keçirilməsinə nail olacağıq.

Bu günlərdə Şirvan futbol məktəbinin ən tanınmış nümayəndələrindən biri, tanınmış furbolçu, futbol mütəxəssisi, əməkdar məşqçi-müəllim Tahir Əliyevin 70 illik yubileyinə qatıldım. Tahir müəllim futbolumuza böyük töhfələr vermiş bir insandır.

Tahir Əliyev Əli-Bayramlının “Energetik”, Bakının “Neftçi”, Gəncənin "Kəpəz" və s. klublarda çıxış etmişdir. Onun rəhbərliyi ilə 1978-ci ildə Əli-Bayramlının “Xəzər” komandası finalda Ermənistan komandasını udaraq 13-14 yaş qrupunda SSRİ çempionu olmuşdur.

Tədbirdə "Neftçi"nin və Azərbaycanın məşhur veteran futbolçuıarı Asəf Namazov, Nazim Süleymanov, Veteran hakim Orucəli Durmuşov, Veteran məşqçi, idman ustası Vaqif Cəfərov, Futbol üzrə məşqçi- mütəxəssis Ramiz müəllim və çoxlu sayda idman ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Yubiliyarı təbrik etdik, veteranlarla söhbət etdik və Azərbaycan futbolu barədə fikir mübadiləsi apardıq.Tam əminliklə deyə bilərik ki, Tahir Əliyev kimi təcrübəli futbol mütəxəssisləri sayəsində gələcəkdə neçə-neçə istedadlı futbolçularımız yetişəcəkdir.

Tədbirdə Tahir müəllimə simvolik olaraq Milli komandanın 70 nömrəli futbol forması təqdim olundu və veteranlarla yerli futbolçulardan ibarət komandalar arasında furbol matçı da keçirildi.

İltizam Yusifov
Milli Məclisin deputatı