Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilməsi ilə Qarabağın erməni ictimaiyyətinin nümayəndələri bir daha gördü ki, istənilən halda situasiya Azərbaycanın ssenarisinə uyğun inkişaf edəcək. Bu mənada mövcud vəziyyətdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini yenidən müzakirə məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşə dəvət etməsi həmin vətəndaşlara verilən tarixi şans olmaqla bərabər həm də ciddi xəbərdarlıqdır. Onlar nəhayət anlamalıdırlar ki, Qarbağ bizim daxili məsələmizdir və heç bir formada erməni əsilli vətəndaşlarımızın taleyi Ermənistanla sülh gündəliyinin bir hissəsi ola bilməz. Ona görə də Qarabağda işğala qədər qanuni əsaslarla yaşayan və hazırda isə Azərbaycan bayrağı altında yaşamağa hazır olan erməni əsilli vətəndaşlarımız çirkin ideoloji təsirlərdən arınaraq nəhayət ki, onlara əta edilən reinteqrasiya şansından maksimum yararlanmalıdırlar. Ermənistana, Fransaya, yaxud Rusiya sülhməramlılarına ümid etməyə dəyməz, cənab İlham Əliyevin ötən ilin noyabrın 8-də Şuşadan bəyan etdiyi kimi, əks halda yenə də faciə ilə üzləşəcəklər.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı