Şuşa tarixinin ən parlaq dövrünü yaşayır. Mədəniyyət paytaxtımızda həyata keçirilən quruculuq-abadlıq işləri müfəssəl və dəqiq, eyni zamanda, Şuşanın tarixi əzəmətinin qorunması ilə reallaşdırılır.
Bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında deyib.
Bərpa-quruculuq işlərinə dünyanın aparıcı şirkətlərinin cəlb olunduğunu vurğulayan İ.Yusifov qeyd edib ki, Qətərin paytaxtı Dohada keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr edilmiş 12-ci konfransında 2024-cü ildə abidələr məkanı Şuşa şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması Şərq aləminin, müsəlman dövlətlərinin ölkəmizə marağını daha da artırır. Builki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı vasitəsilə yenidən dünyaya sülh, birlik, həmrəylik mesajlarının verilməsi buna bariz nümunədir.
Böyük Qayıdışın reallaşması və infrastrukturun yenidən qurulmasının yaxın gələcəkdə Şuşanın rolunu daha da artıracağını deyən deputat əlavə edib: “Mayın 10-11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə növbəti səfərləri bu torpaqlarda yenidənqurma, tikinti işlərinin diqqət mərkəzində olduğunun, həmçinin Azərbaycanın regionda sülhün, əmin-amanlığın təmin olunmasında ortaya qoyduğu qətiyyətinin göstəricisidir. Səfər zamanı inşası davam edən yeni infrastruktur layihələri ilə tanışlıq, xüsusilə Şuşa şəhərinin abadlaşdırılmasının sürətlə davam etdirilməsi, artıq 32 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərlərinə qayıdışı Qarabağın nəinki Azərbaycanın, eyni zamanda, dünyanın ən gözəl guşələrindən birinə çevrilməsi istiqamətində atılmış növbəti addım idi”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin şuşalılarla keçirilən görüş zamanı səsləndirdiyi fikirlərə diqqət çəkən İ.Yusifov bildirib: “Bu görüşdə dövlətimizin başçısı bir sıra önəmli mesajlar verdi. Qeyd etdi ki, Azərbaycan hazırlaşırdı, güclənirdi, iqtisadiyyatını möhkəmlədirdi, güclü ordu potensialı yaradırdı. Ən önəmlisi, bu gün qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəsli yetişdirildi. Ölkədə savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdi və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqlarımızı azad etdilər”.
Deputat vurğulayıb ki, sülh prosesinin uğurlu nəticələrlə başa çatması ilə əlaqədar getdikcə daha münbit şərait formalaşır: “Biz danışıqların iki ölkə arasında, vasitəçisiz aparılmasında israrlıyıq və istəyimizə nail olmaqdayıq. Çox yaxşı haldır ki, Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesi getdikcə daha da intensiv xarakter alır. Ən çox diqqəti cəlb edən və daha önəmli məsələ odur ki, haqqında qeyd olunan həmin proses məhz iki ölkənin birbaşa təmasları şəraitində davam edir və bu təmaslar zamanı regiondankənar vasitəçilərin qətiyyən iştirakı yoxdur. Hətta olduqca əhəmiyyətli nəticələrin də mövcud olması diqqət çəkən məqamdır”.